“Son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb. Bu gün ölkənin Silahlı Qüvvələrini möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Silahlı Qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib. Şübhəsiz, bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib.
Prezident bildirib ki, “Global Firepower-2019”un hesabatına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir: “Xüsusi qeyd etmək istəyirəm ki, 2006-cı ildə bizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, biz hərbi məhsulları ixrac edirik”.
Dövlət başçısı qeyd edib ki, son illərdə ən müasir texnika və silahlar alınıb: “Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri var.
Biz hərbi qulluqçuların sosial həyatına xüsusi əhəmiyyət veririk, hərbçilərin xidmət şəraiti yaxşılaşdırılır. Son illərdə onlarla hərbi şəhərcik yaradılıb. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilib və ya əsaslı təmir edilib. Qarşıdakı 2-3 il ərzində bütün hərbi şəhərciklər tamamilə təmir ediləcək. Hərbi qulluqçuların mənzil-məişət məsələləri həll edilir. Qəbul edilmiş qərar əsasında orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət pulsuz mənzillər verir. Bu gün bizim hərbi hissələrdə 20 mindən çox mülki şəxs işləyir. Əvvəllər bu işləri əsgərlər görürdülər. Biz onları məişət işlərindən azad etmişik. Eyni zamanda, mülki şəxslərdən ötrü 20 mindən çox iş yeri açılıb.
Şübhəsiz, yuxarıda göstərilən, son illərdə görülmüş bütün tədbirlər Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da möhkəmlənməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin güclənməsinə səbəb olub və biz bu istiqamətdə atılan addımları davam etdirəcəyik”.