Sizin reklam burada
Sizin reklam burada

Ziyəddin Quliyev: Dahi şəxsiyyət və müdrik lider Ulu öndər Heydər Əliyevi anarkən...

Ziyəddin Quliyev: Dahi şəxsiyyət və müdrik lider Ulu öndər Heydər Əliyevi anarkən...
Hər bir xalqın tarixində layiqli rəhbərin özünəməxsus rolu olur. Müstəqil dövlət qura bilən millətlər isə öz daxilindən lider-siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec və ya tez tarixin böyük xalqlarının səhnəsindən silinirlər. Azərbaycan xalqı çox müdrik xalqdır. Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və sonra ona nail oldu. Bununla müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi. Bütün dünya gördü ki, Azərbaycan yüksək iradə, inam, ağıl və sistemliliklə çətinliklərdən çıxıb, inkişafın zirvəsinə qalxır. Bu gün artıq Azərbaycan Cənubi Qafqazın lideri və geosiyasi dayaq nöqtəsidir. Bütün bu məqamlar işığında ulu öndərin dahiliyi, yüksək şəxsi keyfiyyətləri, liderliyi və müdrikliyi üzərində geniş dayanmağa ehtiyac görürük.

Çətin zamanlar, sınaqlar dövrü və xalqın iradəsi

Heydər Əliyev həyat və fəaliyyəti daim araşdırılmalı olan dahi şəxsiyyətlərdəndir. Ulu öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq salan, özündə dərin konseptual məqamları əks etdirən mükəmməl sistemdir. Dünyada geosiyasi proseslərin sürətlənməsi ilə meydana çıxan riskləri aradan qaldırmaq, təhdidlərin öhdəsindən layiqincə gəlmək və müstəqil demokratik dövlət quruculuğunu daha da yüksəkliklərə qaldırmaq üçün mütləq ümummilli liderin irsinə müraciət etmək gərəkdir.

Əlbəttə, bir məqalədə bu dahi insanın siyasi irsinin bütün aspektlərini əhatə etmək mümkün deyildir. Yalnız bir sıra məqamların üzərində dayanaraq, müəyyən fikirlər ifadə etmək olar. Biz Heydər Əliyevin fəaliyyətinə onun malik olduğu dahilik, yüksək şəxsiyyətlilik və müdriklik aspektlərində nəzər salmaq istərdik. Bu keyfiyyətlər elmdə çoxdan öyrənilir. Onların fəlsəfi, psixoloji, sosial və digər aspektləri haqqında alimlərin fikirləri mövcuddur.

Ancaq Heydər Əliyev bir fenomendir. Onun vurğulanan üç ali keyfiyyəti özündə birləşdirməsi və konkret fəaliyyətində onları nümayiş etdirə bilməsi ayrıca araşdırma tələb edir. Özü də bütün bunlar Azərbaycan dövlətçiliyi, siyasəti, iqtisadiyyatı, mənəvi-əxlaqi dəyərləri üçün çox çətin olan bir mərhələdə təzahür edib. Dünyada ikinci belə nümunə yoxdur. Buna əmin olmaq üçün ötən əsrin 90-cı illərinə qısa nəzər salaq.

Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşərgəsinin dağılması fonunda Qərbin siyasi dairələri özlərini mütləq qalib kimi hiss edərək, güclə də olsa istəklərini bütün dünyaya qəbul etdirməyə çalışırdılar. Xüsusilə müstəqilliyini əldə etmiş ölkələrə özlərindən tam asılı olan məkan olaraq yanaşırdılar. Həmin ölkələrin milli özünəməxsusluğu Qərb üçün bir köhnəlik əlaməti idi və buna görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı ibarələrdən istifadə edərək, öz iradələrini qəbul etdirməyə aramsız cəhdlər göstərirdilər.

Onlara dünyaya açılan yeni bazarlardan daha çox faydalanmaq hərisliyi də xas idi. Bu zaman yerli xalqların və dövlətlərin maraqlarını nəzərə almaq istəmirdilər. Hər kəsi özlərinə borclu sayırdılar. Etiraf etmək lazımdır ki, postsovet məkanının əksər dövlətləri bu yanlışlığa aldandı. Onlar liberalizm və demokratiya ifadələrindən istifadə edənlərin tələsinə düşdülər. Azərbaycan da 1993-cü ilin birinci yarısına qədər kənar təsirlərin altında idi.

Bunlardan əlavə, Azərbaycan üçün başqa çətinlik də yaranmışdı – havadarlarının böyük yardımı ilə Ermənistan silahlı quldur dəstələri Azərbaycan ərazisinə aramsız hücumlar edirdi. Nəticədə, ölkədə siyasi xaos yaranır, ərazilər işğal olunurdu. Azərbaycana o dövrdə rəhbərlik edənlər isə lazımi səviyyədə peşəkar olmadıqlarından vəziyyəti nizama sala bilmirdilər. Əksinə, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Bütün bunlar həm insanlarda psixoloji bədbinlik yaradır, həm də dövlətçiliyin məhv olması təhlükəsini meydana gətirmişdi. Sosial-iqtisadi vəziyyət acınacaqlı idi. Ən pis o idi ki, Azərbaycana rəhbərlik edənlər çıxış yolu tapa bilmirdilər. Hər tərəfdən ölkəyə təzyiqlər olunurdu. Getdikcə daha çox torpaqlarımız işğal altına düşürdü. Bu prosesin qarşısı alınmasa idi, Azərbaycan ölkə və dövlət olaraq çox ağır problemlərlə üzləşəcəkdi.

Azərbaycan üçün çox mürəkkəb olan bu mərhələdə tarixi təcrübə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini ortaya qoyurdu. Müdrik Azərbaycan xalqı bu tarixi zərurəti dərk etdi və ulu öndər ölkəyə rəhbərliyə başladı. Həmin məqamda Heydər Əliyevin dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi.

Dahilik: yüksək zəka və strateji təfəkkür

Məlumdur ki, dahi insan yüksək zəkaya sahib olur. Hər bir insan şüura malikdir, məntiqi düşünə bilən insanlarda təfəkkür vardır. Lakin ancaq dahilər yüksək zəkaya sahibdirlər ki, onun da əlamətlərindən biri uzaqgörənlik, heç kəsin görə bilmədiyi məqamları görə bilmək qabiliyyəti ilə bağlıdır. Qısa desək, dahilik strateji təfəkkürə malik olmaqla sıx bağlıdır.

Heydər Əliyevin dahiliyi yuxarıda vurğulanan mərhələdə qəbul etdiyi bir çox qərarlarda özünü göstərdi. Onların içərisində ulu öndərin güclü dövlət quruculuğu kursunu seçməsi ayrıca yer tutur. Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illərinin əvvəllərində liberalist baxışlar daha çox dəbdə idi. Heydər Əliyev isə kimin nəyi dəb hesab etməsinə deyil, Azərbaycanın keçdiyi tarixi yola, dövlətçilik ənənəsinə, xalqın iradəsinə və mövcud reallığa baxaraq çoxlarından fərqli qərar qəbul etdi: öncə güclü dövlət yaratmaq lazımdır! Təcrübə sübut edir ki, bu, əslində, dahiyanə bir seçim idi. Demokratik cəmiyyət yalnız güclü dövlətin mövcud olduğu yerdə bərqərar ola bilər. Qanunun aliliyinin təmin olunmadığı bir cəmiyyət demokratiya şəraitində yaşaya bilməz. Burada şəffaflıq, insan haqları, vətəndaşın sosial təminatı kimi vacib faktorlar inkişaf edə bilməz. Həmin səbəbdən ilk növbədə güclü dövlət yaratmaq gərəkdir.

Bunun üçün isə iqtisadiyyat güclü olmalıdır. Heydər Əliyevin siyasətində bu istiqamət konkret proqramlar şəklində sistemli olaraq yer alıb. Azərbaycanın neft siyasəti, enerji strategiyası həmin meyarlar üzərində formalaşdırılıb. Yeri gəlmişkən, onu mütləq qeyd edək ki, indi siyasi liderlərin milli təhlükəsizliyin təminini enerji təhlükəsizliyi ilə bağlaması da məhz yuxarıda vurğulanan məqamdan qaynaqlanır.

Heydər Əliyev öncədən dahiyanə surətdə bütün bunları görə bilmişdi. Ulu öndər siyasi iradə nümayiş etdirərək “Əsrin müqaviləsi”ni imzaladı, Bakı-Tbilisi-Ceyhan boru xəttinin reallaşması prosesinə start verdi, böyük dövlətlərlə bərabərhüquqlu normal münasibətlər yarada bildi. Həmin dövr üçün çox mühüm olan əsas faktor isə ümummilli liderin daxili sabitliyə nail olması idi.

Bu məqamı dünyanın böyük dövlətlərinin hər biri açıq etiraf ediblər. Doğrudan da, daxili sabitliyin təmin olunmadığı bir cəmiyyətdə güclü dövlət qurmaq, qanunun aliliyini təmin etmək mümkün deyildir. Sabitliyin təmin olunması ilə Azərbaycan stabil inkişaf üçün real zəmin əldə etdi. Bütün istiqamətlərdə sürətli inkişaf üçün əsas yarandı. Bununla da Heydər Əliyevin 1993-cü ildə etdiyi dahiyanə seçim Azərbaycanı dövlət və xalq kimi labüd fəlakətdən xilas etdi və tarixi tərəqqi üçün geniş imkanlar açıldı.

Mükəmməl şəxsiyyət və xarizmatik lider

Heydər Əliyevin dövlət xadimi, ölkə rəhbəri kimi uğurunun kökündə isə yüksək şəxsiyyət olması faktoru dayanır. Heydər Əliyev şəxsiyyət kimi yüksək liderlik keyfiyyətlərinə malik idi. Hər bir şəxsiyyət lider olmur. Ancaq Heydər Əliyev dünya səviyyəsində xarizmatik lider idi. Ulu öndər usta diplomatik addımları ilə ən güclü dövlətlərin başçılarını belə ram edə bilirdi. Bu cür faktlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə kifayət qədərdir. Həmin danışıqlarda ABŞ, Rusiya və Fransanın dövlət rəhbərləri, təcrübəli diplomatlar, nazirlər iştirak edirdilər və həmin insanlarla Heydər Əliyev gərgin mübarizə apararaq Azərbaycan dövlətinin maraqlarını təmin edirdi. Heydər Əliyevin ABŞ-ın o dövrdəki vitse-prezidenti Alber Qora verdiyi usta və çox məntiqi cavabı diplomatiyaya tarixi naxışdır. A.Qor Azərbaycan Prezidentinə dünya ilə savaşmamağı və Dağlıq Qarabağdan vaz keçməyi eyham etmişdi. Onda Heydər Əliyev “Siz Prezident Administrasiyasını təmsil edirsiniz, mən isə Azərbaycan xalqını, mən xalqımın mənafeyinə uyğun olmayan sənədə imza ata bilmərəm” cavabını vermişdi. Yalnız bu cavabdan sonra sənəddə düzəliş edilmişdi.

Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinlə də bir neçə dəfə analoji dialoqlar olub. Bütün bu misallarda Heydər Əliyevə yüksək sayğı nümayiş etdirilməsi dünya liderlərinin onun şəxsiyyətinə, liderlik keyfiyyətinə böyük hörmətlə yanaşmasının nəticəsi idi. Sözün həqiqi mənasında Heydər Əliyevin şəxsiyyət kimi yüksək keyfiyyətləri mükəmməl şəkildə onun liderlik qabiliyyətində öz ifadəsini tapmışdı.

Elmdə şəxsiyyətin liderliyinin müəyyən aspektləri araşdırılıb. Bu bağlılıqda şəxsiyyətin iradi və psixoloji özəllikləri ayrıca vurğulanır. Lakin onlarla yanaşı, analitik təfəkkür, çevik qərar qəbul etmək və dürüst olmaq kimi faktorlara da yüksək qiymət verilir. Heydər Əliyev lider kimi verdiyi vədlərin hər birinə dəqiq əməl edib. Onunla danışıqlar aparan hər bir siyasi lider bu özəlliyi ayrıca vurğulayır. Sözün bütövlüyü hər bir siyasi lider üçün çox önəmlidir, çünki bununla onun etibarlılıq səviyyəsi müəyyən edilir. Təbii ki, belə bir keyfiyyətə yalnız yüksək siyasi iradəsi olan insanlar malik olurlar. “Əsrin müqaviləsi”nin baş tutması, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması Heydər Əliyevin yüksək siyasi iradəsi hesabına mümkün oldu. Bu barədə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Gürcüstan rəhbəri Eduard Şevardnadze və başqaları dəfələrlə fikir söyləyiblər.

Təbii ki, şəxsiyyətin kamilliyinin mühüm bir aspektini də müdriklik təşkil edir. Heydər Əliyev çox müdrik siyasətçi və lider idi. Platon müdrikliyi xeyirxahlıq və ədalətlə əlaqələndirirdi. Heydər Əliyev hər iki keyfiyyətə yüksək səviyyədə malik idi. Ədalətli olmaq haqdandır. Ulu öndər daim ədalətli və xeyirxah olanı edirdi. Əlbəttə, bütövlükdə Azərbaycan xalqı müdrikdir. Lakin xalq müdrikliyindən siyasi müdrikliyə yüksəlmək xüsusi qabiliyyət və istedad tələb edir. Bu baxımdan Heydər Əliyev öz xalqının mənəvi, tarixi, əxlaqi dəyərlərinə böyük diqqətlə yanaşırdı. Hələ sovet dövründə Azərbaycan dilinin, adət-ənənələrinin, ədəbiyyatının, musiqisinin və tarixinin qorunmasında misilsiz xidmətlər göstərmişdi.

Ulu öndər 1981-ci il iyunun 12-də Azərbaycan yazıçılarının VII qurultayında geniş nitq söyləmişdi. Orada Heydər Əliyev ifadə etmişdi: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir... Tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır”. Fikrini inkişaf etdirərək Ulu öndər “tarix tələbkar imtahançıdır” deməklə, milli mədəniyyət qarşısında böyük məsuliyyəti də önə çəkmişdi. Heydər Əliyev xalqın yaşamasında, inkişafında, özünü qorumasında xalq yaradıcılığının, ədəbiyyatın, mənəvi-əxlaqi dəyərlərin yerini və rolunu sözün həqiqi mənasında müdrikcəsinə ifadə etmişdi. Onun bu mövqeyi Azərbaycan tarixi, fəlsəfi, ədəbi-bədii fikrinə dərindən bələd olması və mütəfəkkirlərimizin yaradıcılığını dəqiq bilməsi ilə şərtlənirdi. Yəni faktiki olaraq Heydər Əliyev xalq müdrikliyini siyasi fəaliyyətə proyeksiya edə bilən nadir siyasətçi olaraq tariximizdə yer almaqdadır.

Xarici siyasət: müdrikliyin zirvələrindən biri

Ulu öndər xarici siyasətdə də yüksək şəxsiyyət, xarizmatik lider və müdrik dövlət xadimi kimi özünü təsdiq edib. Heydər Əliyevin ABŞ, Avropa ölkələri, Rusiya, Türkiyə, İran, Çin və digər dövlətlərə etdiyi hər bir səfər münasibətlərdə yeni mərhələnin əsasını qoyurdu. Dünyanın bütün böyük dövlətləri ilə əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçməsində Ulu öndərin müstəsna xidmətləri böyük minnətdarlıqla xatırlanır.

Xarici siyasət kursunu suverenlik prinsipi əsasında mükəmməl qaydada aparan Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daim artması prosesinə şərait yaratdı. Bir zamanlar Azərbaycana yuxarıdan aşağı baxanlar Heydər Əliyevin səyi nəticəsində strateji tərəfdaşa çevrildilər. Ulu öndər 1995-ci il oktyabrın 22-də Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi təntənəli iclasında Azərbaycanın xarici siyasətinin əsas məğzini dünyaya bəyan etmişdi. Heydər Əliyev ifadə etmişdi: “Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik”.

İndi dünyanın böyük dövlətləri də açıq etiraf edirlər ki, Azərbaycan Cənubi Qafqazda ən etibarlı tərəfdaşdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini prosesində özünəməxsus statusu olan dövlətə çevrilib. Hazırda Azərbaycan Cənubi Qafqazın geosiyasi dayaq nöqtəsi kimi qəbul edilir. Bu isə birbaşa olaraq Heydər Əliyevin uğurlu xarici siyasət kursu yaratması sayəsində mümkün olub.

Vurğulanan kontekstdə onu da qeyd etmək gərəkdir ki, Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidmətlərindən biri çox layiqli siyasi varis yetişdirməsidir. Bu məsələ hazırda bütün dünya üçün aktual məsələlərdəndir. Layiqli siyasi varisliyin təmin edilmədiyi ölkələrdə indi sabitlik ya yoxdur, ya da çox zəifdir. Bunu qonşu ölkələrdə, Şərqi Avropada, Asiyada və başqa məkanlarda görə bilərik. Heydər Əliyev isə öz siyasi varisini dəqiq müəyyənləşdirdi, təcrübə də göstərdi ki, millət fədaisi qətiyyən yanılmayıb.

Prezident İlham Əliyevin son 15 ildə göstərdiyi fəaliyyət həmin tezisin doğruluğunu tam təsdiq edir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, ulu öndərin əsasını qoyduğu siyasi kursu həyata keçirir, zamanın tələbinə uyğun inkişaf etdirir. Keçən 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə böyüyüb. Qeyri-neft sektorunda artım 2,8, sənaye istehsalında 2,6, kənd təsərrüfatında isə 1,7 dəfə olub. Bu müddətdə ixracat 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 46 milyard dollara (2018) çatıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 250 milyard dollar təşkil edir. 2019-cu ilin ilk üç ayı ərzində sənaye istehsalı 4,4 faiz artıb. Qeyri-neft sektorunda bu göstərici 15,6 faiz təşkil edib. Üç ayda kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Bu müddətdə ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub.

Bütün bunları Baş Nazir Novruz Məmmədovun bütövlükdə Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşması kimi xarakterizə etməsi maraq doğurur. Bu baxımdan bütün istiqamətlərdə islahatların dərinləşməsi əlamətdardır.

Bir qədər əvvələ qayıtsaq, 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasını ayrıca vurğulamalıyıq. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində irəliyə doğru böyük bir addım idi. Həmin dəhlizin uzunluğu 3500 kilometrdir. Ümumi dəyəri 40 milyard dollardan artıqdır. 2018-ci il iyunun 12-də isə TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyev 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi”nin – “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddətinin 2050-ci ilə qədər qüvvədə qalmasını təmin edən müqaviləni imzaladı. Yeni şərtlərə görə, SOCAR-ın payı 11 faizdən 25 faizə qaldırılıb. Mənfəət neftinin 75 faizi Azərbaycana veriləcək. Həmin saziş çərçivəsində 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir.

Bunlardan başqa, böyük geosiyasi, iqtisadi, ticari və tranzit əhəmiyyəti olan bir neçə layihə artıq reallaşdırılıb. Onlardan Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını, Abşeron Logistika Mərkəzini ayrıca vurğulamaq lazımdır. Bunlar Avrasiya məkanında Azərbaycanı əhəmiyyətli tranzit daşımaları mərkəzlərindən birinə çevirir. Əlbəttə, bütün bu uğurların kökündə ulu öndərin keçən əsrin 90-cı illərində formalaşdırdığı siyasi kurs dayanır.

Ulu öndərin siyasi kursunun məzmun və mahiyyətinə uyğun olaraq, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa xüsusi diqqət yetirir. 2016-cı il Aprel döyüşləri və Naxçıvanda keçirilən xüsusi əməliyyat sübut etdi ki, Azərbaycan güclü orduya malikdir və ordu ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək iqtidarındadır. Bununla yanaşı, Prezident İlham Əliyev münaqişənin danışıqlar yolu ilə ədalətli həllinə üstünlük verir. Bu istiqamətdə dövlət başçısı son dərəcə aydın və prinsipial mövqe nümayiş etdirir. Konkret olaraq, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna bilər.

Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağ nizamlanması üzrə danışıqların formatının dəyişdirilməsi üçün göstərdiyi cəhdin qarşısını da ölkə rəhbəri qətiyyətlə aldı. İndi münaqişənin həlli ilə bağlı müzakirələr ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə öncələr müəyyən edilmiş formatda davam edir.

Heydər Əliyevin siyasi kursunu inkişaf etdirən Prezident İlham Əliyevin fəallığı sayəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycan, eyni zamanda, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatında da uğurla fəaliyyət göstərir. Ölkəmiz Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Beynəlxalq aləmdə nüfuzunu daim yüksəldən Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci yeri tutur. “Doing Business 2018” hesabatında isə inkişaf göstəricisinə görə 57-ci yerdədir. Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə 3 ən islahatçı ölkədən biridir.

Ulu öndərin siyasətinin davamı olaraq Azərbaycan rəhbərinin əldə etdiyi digər nailiyyətləri də yada salmaq olar. Ancaq yuxarıda vurğulanan məqamlar da tam təsdiq edir ki, Heydər Əliyev həm mükəmməl dövlət quruculuğu kursu işləyib hazırlamış, həm də başlanan işləri böyük uğurla davam etdirə bilən layiqli siyasi varis yetişdirmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin keçmişi, indisi və gələcəyi arasında möhkəm əlaqə yarada biləcək irs qoyub gedib. Bu mənada ulu öndər böyük dahi, mükəmməl şəxsiyyət-lider və müdrik dövlət xadimidir!

Ziyəddin Quliyev

"Azərenerji"nin vitse-prezidentinin müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ