Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,05 milyon (bir milyon əlli min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 3 aprel tarixli 74 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508; 2003, № 10, maddələr 546, 585; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2017, № 1, maddə 38) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci–yeddinci abzaslar müvafiq olaraq 2.1–2.6-cı bəndlər hesab edilsin;
1.2. 2.4-cü bənddə “9-cu maddəsinin səkkizinci hissəsində” sözləri “9-cu maddəsinin yeddinci hissəsində” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:
“2.7. həmin Qanunun 9-cu maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini dövlət standartlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla), tikinti norma və qaydalarına, habelə təlimatlara, metodiki və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, əməyin mühafizəsi qaydalarına münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla) həyata keçirir.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 219; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.2. nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq, bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak etmək;”;
2.2. 8.4-cü bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın və həmin bəndə “qiymətləndirilməsi” sözündən sonra “(sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
2.3. 8.12-ci bənddə “qanunvericiliklə” sözü “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569; 2019, № 5, maddə 854) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilsin.
2. 2.0.3-cü yarımbəndə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə edilsin.
3. aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilsin:
“3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndə “Kreditlərin” sözündən sonra “, təminatların” sözü və “öz adından və” sözlərindən sonra “tam və ya qismən” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:
“1.3-1. Bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanır. Mikrokreditlərin qeyri-işlək hissəsi (qeyri-işlək kredit) dedikdə, kredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən 90 (doxsan) təqvim günündən artıq gecikdirilmiş hissəsi (məbləği) başa düşülür.”;
1.3. 1.7-ci bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;
1.4. 2.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.6-cı yarımbənd əlavə edilsin:
“2.1.6. bu Qayda ilə müəyyən edilmiş qaydada təminatın maliyyələşdirilməsi.”;
1.5. 4.4-cü bəndin altıncı cümləsinə “kredit vəsaiti” sözlərindən sonra “(bu Qaydanın 5.1.5-ci yarımbəndində nəzərdə tutulan güzəştli kreditlər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.6. 5.1.1-ci yarımbənddə “5 000” rəqəmləri “15 000” rəqəmləri ilə əvəz edilsin;
1.7. 5.1.2-ci yarımbənddə “5 001” rəqəmləri “15 001” rəqəmləri ilə əvəz edilsin;
1.8. 5.2.1-ci yarımbənddə “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;
1.9. 5.7-ci, 5.8-ci bəndlər və 5.9.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.7. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır.
5.8. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi, təminatla verilmiş mikrokreditlər üçün Agentliyin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldilir.”;
“5.9.1. qalıq məbləğin 1/4 hissəsi Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək, aylıq vəzifə maaşlarına əlavələr vermək, ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənişi, Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə ayrılır;”;
1.10. 5.9.2-ci yarımbəndə “ödənilməsinə” sözündən sonra “, habelə kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialın artırılmasına” sözləri əlavə edilsin;
1.11. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. Mikrokreditlər üzrə təminatın verilməsi
5-1.1. Agentlik tərəfindən müvəkkil kredit təşkilatlarına illik 2,5 faiz tətbiq edilməklə verilmiş mikrokreditlər üzrə təminatın məbləği aşağıdakı qaydada hesablanır:
5-1.1.1. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faizədək hissəsini təşkil etdikdə:
TM = QİK - (QM x 6%), burada:
TM – təminatın məbləği;
QİK – təminatlı mikrokreditlər üzrə əsas borc ödənişlərinin 90 (doxsan) təqvim günündən çox gecikdirilən hissəsi (məbləği);
QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel);
5-1.1.2. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faiz və daha çox hissəsini təşkil etdikdə:
TM = QM x 6%, burada:
TM – təminatın məbləği;
QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel).
5-1.2. Müvəkkil kredit təşkilatı təminatlı mikrokreditlər üzrə qeyri-işlək kreditin məbləğini təsdiq edən sənədləri Agentliyə təqdim etdiyi gündən 10 (on) bank günü ərzində Agentlik bu Qaydanın 5-1.1-ci bəndi ilə müəyyən edilmiş qaydada hesablanan vəsaiti müvəkkil kredit təşkilatına geri ödəyir.
5-1.3. Agentlik tərəfindən ödəniş edildikdən sonra borcalan qeyri-işlək kredit portfelinə daxil olan borc öhdəlikləri üzrə ödəniş etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaitin Agentliyin riskinə aid olan hissəsini proporsional qaydada (Agentliyin mikrokredit zəmanəti üzrə itkiləri bərpa edilənədək) ödəniş edildiyi gündən 10 (on) bank günü ərzində Agentliyə geri qaytarır.”;
1.12. 7.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentlik layihə üzrə müəyyən edilmiş şərtləri pozan müvəkkil kredit təşkilatları barədə məlumatı təxirəsalınmadan Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.”.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təminat verilmiş mikrokreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin.