Koronavirus pandemiyasının yayılması təhlükəsi ilə bağlı bütün dünyada qlobal karantin rejiminin hökm sürdüyü və seçkilər də daxil olmaqla, bütün kütləvi tədbirlərin təxirə salındığı bir dövrdə qondarma «Dağlıq Qarabağ respublikası»nda martın 31-də həm “parlament”, həm də “prezident” “seçkiləri” keçirildi.
Qondarma “seçki”lərin nəticələrinə əsasən, 1-ci mərhələdə qalib müəyyən oluna bilmədiyi üçün, ikinci mərhələnin aprelin 14-də keçirilməsi qərara alınıb. Qondarma “respublika”nın tarixində ilk dəfədir ki, “prezident” parlament tərəfindən deyil, səsvermə yolu ilə seçilir.
Maraqlıdır ki, koronavirus təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunmuş Ermənistanın özündə aprelin 5-nə təyin olunmuş referendum təxirə salınsa da, Dağlıq Qarabağda bu, baş vermədi. Səbəb aydındır: Ermənistanın siyasi rəhbərliyi pandemiyanın qlobal medianın gündəmini zəbt etməsi və dünya ictimaiyyətinin virusa “başının qarışması”ndan istifadə edib, beynəlxalq qınaqdan minimum ziyan çəkməklə bu qondarma siyasi prosesi həyata keçirir. Ancaq Yerevanın hesablamaları özünü doğrultmadı və budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha sərt tənqid olundu.
ATƏT-in Mİnsk qrupu, ATƏT Parlament Assambleyası, NATO, Avropa Birliyi, GUAM, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatların məsələyə dair yaydıqları bəyanatlarda bir ağızdan qondarma “seçkilər”i tanımadıqları və qeyri-qanuni hesab etdikləri, “seçkilər”in heç bir hüquqi qüvvəyə malik olmadığı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədikləri və münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduqları öz əksini tapdı.
Beynəlxalq təşkilatlarla yanaşı, Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çexiya, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya və İran kimi dövlətlər də anoloji bəyanatlarla çıxış etdilər. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, mövqeləri daban-dabana zidd olan dövlət və təşkilatlar bu məsələdə həmrəylik nümayiş etdirərək Azərbaycanın mövqeyini dəstəklədilər.
Bunun əsas səbəbi Azərbaycanın yeritdiyi balanslaşdırılmış xarici siyasətdirsə, digər bir səbəbi dünya ictimaiyyətinin pandemiya dövründə Qafqazda münaqişənin alovlanması və xarici ölkələrin virus səbəbiylə bu münaqişəyə müdaxilə etmək imkanlarının məhdud olmasıdır. Başqa sözlə desək, dünya ictimaiyyəti Azərbaycanın da koronavirusla bağlı “qlobal başqarışıqlığı”ndan istifadə edərək, müharibəyə başlamasından ehtiyatlanır. Bəyanatlarda “seçkilər”in danışıqlar prosesi və bölgənin statusuna heç bir halda təsir göstərməməsin vurğulanması əslində rəsmi Bakını aqressiv cavab zərbələrindən çəkindirməyə hesablanıb.
Məsələdə sual yaradan digər məqam isə, onsuz da formal xarakter daşıyan və Ermənistan da daxil olmaqla, heç bir dünya ölkəsinin legitimliyini tanımadığı Dağlıq Qarabağdakı seçkiləri keçirməkdə Yerevanın nəyə görə bu qədər israrlı olması və pandemiyaya baxmayaraq, səsvermənin təxirə salınmamasıdır. Güman ki, bunun əsas səbəbi baş nazir Nikol Paşinyanın Qarabağda hakimiyyəti dəyişərək, özünə loyal olan fiqurları qondarma respublikanın rəhbərliyinə gətirmək istəyi ilə bağlıdır. Bu yolla Paşinyan Qarabağla bağlı beynəlxalq danışıqlarda əsas söz sahibi olmağa, eyni zamanda qondarma respublikanın Ermənistanın daxili siyasətinə müdaxiləsinin qarşısını almağa çalışır.
Xatırlamaq yerinə düşər ki, 2018-ci ilin may ayında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məhz Qarabağ “liderləri” – Bako Saakyan və Arkadi Quqasyanın zaminliyi ilə azadlığa çıxmışdı. Bu hadisə, Dağlıq Qarabağ rəhbərliyi ilə Paşinyan hökuməti arasında olan güvənsizliyi kifayət qədər açıq nümayiş etdirdi.
Paşinyan Dağlıq Qarabağda hakimiyyəti dəyişməklə eyni zamanda, Rusiyanın prosesslərə təsirini minimuma endirməyə çalışır. Moskvanın küçədən çıxmış məxməri eməni liderinə münasibətdə bugünədək tolerantlıq nümayiş etdirməsi əsasən Dağlıq Qarabağ liderlərinin Rusiyaya loyallığı ilə bağlı olub. Rusiya münaqişəni nəzarətdə saxlamaqla, Ermənistanın onun cızdığı hədəqədən çıxa bilməyəcəyini güman etdiyi üçün Paşinyanla Saakaşviliylə müqayisədə daha mülayim davranır. Ancaq yeni “seçkilər” bu vəziyyəti dəyişə bilər. Odur ki, dünya ictimaiyyətinin narahatçılığı həm də Rusiyanın bu vəziyyətdə addımlarının qeyri-müəyyənliyi ilə bağlıdır.
Azvision.az