Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?

Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?


Son günlər sosial mediada uşaqlara qarşı ailədaxili şiddət haqda yayılan xəbərlərin sayı artmaqdadır. Asan tərbiyə üsulu kimi seçilmiş bu yol, cəmiyyətdə ciddi fəsadlara səbəb ola bilər. Şiddət yalnız həmin an üçün uşağı nəzarət altına almağa yaraya bilər. Bəzən çox şiddət görən uşaqlarda şiddətə qarşı meyillilik yaranır. Bu, elmdə mozaxizm adlanır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Murad İsayev bildirib ki, şiddət uşaqda anormal hislər, duyğular yaradır. Bu isə gələcəkdə olduqca təhlükəli vəziyyətlərə gətirib çıxara bilər. Həm fiziki, həm də psixoloji şiddətə məruz qalan uşaqların 18 yaşdan sonrakı şəxsiyyətində fəsadlar mütləq özünü göstərir:

"Valideyn öz daxili aqressiyasını və gərginliyini bəzən uşaqla münasibətdə, danışıqda, davranışda biruzə verir. Ailəsi, ətrafı ilə hər hansı bir problemi olan valideyn, onu ört-basdır etmək istədikdə, problemə reaksiya verə bilmədiyi halda həmin gərginliyi öz övladından çıxarır. İnsan psixologiyasında emosianal gərginlik, fiziki gərginlik elə bir mövzudur ki, bu mütləq bir yerdən çıxmalıdır. Lakin hədəf yanlışdır”.

Psixoloq bildirib ki, ailədaxili gərginlik, kişilərin qadınlara göstərdiyi istər fiziki, istərsə də psixoloji şiddəti, güclü manipulyasiya, psixoloji idarəetmə, bunların hamısı qadınlarda müəyyən bir müddət sonra uşaqla münasibətdə aqressiya kimi özünü göstərir. Nəticədə həmin aqressiya övlada şiddət şəklində ortaya çıxır:

"Kişilər hər hansı xırda məsələni böyüdərkən fikirləşməlidirlər ki, burda təkcə bir qadının yox, bir neçə insanın taleyi həll olunur və yaxud da təhlükə altında olur. Bəzən qadınlarımızın çox qapalı olması da ciddi problemlər yaradır. Psixoloji seanslarda müşahidə edirik ki, hədsiz qadağalar, evdən kənara çıxmanın məhdudlaşdırılması və s. bu kimi hallar qadınlarda özünəqapalılıq yaradır. Qadın da insan olduğu üçün müəyyən enerjiyə malikdir və onlar da ən azından gəzmək, idman etmək, əylənmək və bu kimi haqlara malikdir. Onların da sosiallaşma haqqı olduğuna görə, bu haqq məhdudlaşdırılanda, öz haqlarını itirdikdə, gərginlik, özünəqapanmalar ortaya çıxmağa başlayır”.

Əsas problemin ailədaxili ünsiyyətin azlığı olduğunu bildirən Murad isayev vurğulayıb ki, şiddətin ən birinci və ən böyük səbəbi ünsiyyətsizlikdir:

"Uşaqlarla valideynlər arasında ən ciddi problem ünsiyyətsizlikdir. Burda isə virtual aləmi, internet və sosial şəbəkələri, telefonu əsas səbəbkar olaraq görürəm. Bunlar ailəni bir-birindən uzaqlaşdırır. Qayda–qanun və dsiplinlərin üstündən xətt çəkir. Virtual aləmdə olan mövzular, portallardan götürülmüş gərginliklər, insanlarda sıxıntı yaradaraq, şiddət göstərməyə meyilləndirir. Ailədə kitab oxumaq, oynamaq saatı, ailəvi, qrup şəklində söhbət saatı olmalıdır. Bu, saatlarla olmasa da, ən azı 20-30 dəqiqə müddətində tənzimlənməlidir. Amma mütəmadi olaraq ailə bir yerdə vaxt keçirməlidir ki, ünsiyyət yaransın və dialoq qurulsun”.

Psixoloq qeyd edib ki, valideyinlər valideyinklik aspektindən çox savadsızdırlar: Uşaq tərbiyəsi haqqında bilgiləri olduqca azdır. Bunun üçün psixoloqa getmək lazım deyil, kitab oxumaq lazımdır:

"Hər yaş dönəminə aid olan psixoloji durum var. 11-12 yaş yeniyetməlik dövrünə keçir və valideyn düşünür ki, uşaq birdən-birə niyə dəyişdi? Bu, təbii bir prosesdir. Uşaq etiraz edə, fikir bildirə, razılaşmaya bilər və s. Amma valideyn bunu bilmədiyinə görə, bu dəyişikliyi üsyan kimi qəbul etməyə başlayır. Hamısı məlumatsızlığın fəsadlarıdır. Valideynlərə tövsiyyə edərdim ki, uşaqların 18 yaşa - həyati vacib yaş dönəminə qədər olan psixoloji dövrü öyrənsinlər. Bu mövzuda kitablar oxumağa üstünlük versinlər. Kitablar kifayət qədərdir”.

Psixoloqun sözlərinə görə, uşaqlar heç bir şeyi unutmur. Vurulan bir sillənin özü belə onların həyatında müəyyən təsirə malikdir:

"Uşaqlara qarşı edilmiş tənqid, təhqir nə vaxtsa öz fəsadını göstərəcək. Bütün dünya artıq bunu qəbul edib ki, şiddət tərbiyə üsulu deyil. Həm fiziki, həm də psixoloji şiddət qəti şəkildə yolverilməzdir. Şəxsiyyət yetişdiririksə, bu, düzgün, oturub söhbət etməklə, başa salmaqla olmalıdır”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ