Azərbaycanda seysmik cəhətdən aktiv olan zonaların adları açıqlanıb.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, Azərbaycan seysmik baxımdan aktiv zonada yerləşir:
“Abşeron yarımadasında quruda zəlzələ ocağı yoxdur, amma Xəzər dənizi aktiv seysmik zonadır. Orada tez-tez maqnitudası üç və üçdən yuxarı olan zəlzələlər baş verir. Bu zaman ictimaiyyəti məlumatlandırırıq, amma maqnitudası üçdən aşağı, hiss olunmayan təkanlar da bizim stansiyalarımız tərəfindən qeydə alınır”.
V.Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik bölgədə yerləşsə də, əhalini narahat, təşviş altında saxlamaq düzgün deyil:
“Ölkə ərazisində Şamaxı-İsmayıllı ərazisi, Xəzər dənizi, Zaqatala-Şəki, cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir. Seysmik aktiv zona o demək deyil ki, orada nə vaxtsa zəlzələ olacaq. Bu zonalarla bağlı birmənalı fikir söyləmək çətindir.
Heç kim zəlzələnin olub-olmayacağı, gücü, ərazisini deyə bilməz. Sadəcə, aktiv bölgədirsə, müəyyən vaxtlarda təkanlar ola bilir. Dünyanın çox ölkəsi seysmik zonalarda yerləşir. Bizim qonşu ölkələr İran, Türkiyədə seysmik aktivliklər var”.
Qeyd edək ki, bir neçə gündür Türkiyə ərazisində zəlzələlər baş verir.