Yeni il ərəfəsində YAP-ın namizədləri ilə prezident İlham Əliyevin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin söhbət apardığı barədə məlumat yayılıb.
Məlumata görə, prezidentin köməkçisi açıq şəkildə bildirib ki, heç kim keçmişdəki “ənənəvi qaydalara” ümid etməsin. Z.Nağdəliyev hakimiyyətin öz namizədlərinə lazımi dəstəyi verəcəyini, ancaq bununla yanaşı ölkədə həyata keçirilən islahat siyasətinə kölgə sala biləcək hallara yol verilməyəcəyini də vurğulayıb. O, xəbərdarlıq edib ki, namizədlər real seçki kampaniyası aparmaqla, seçicilərini səsverməyə cəlb etsinlər.
Prezidentin köməkçisinin belə xəbərdarlığı hakimiyyətin qeyri-rəsmi dəstəklədiyi namizədlərə də çatdırdığı bildirilir.
Yayılan məlumatların ciddiliyinə inansaq, seçkilərin şəffaf, ədalətli keçiriləcəyini düşünmək olar. Amma bu, nə dərəcədə doğru olacaq, bunu seçkilərin nəticələri göstərəcək.
Yeri gəlmişkən, Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova da qeyd edib ki, seçkilər müasir beynəlxalq standartlar çərçivəsində keçiriləcək.
Əslində, bu fikirlər də gözəl səslənir. Bəs, bunun həyata keçməsi mümkün olacaqmı?
Bu arada, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin də seçkilərlə bağlı açıqlaması da diqqəti çəkir. Səfir bildirib ki, “Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq”.
Səfir onu da vurğulayıb ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir. Əslində, Amerikanın bu seçkiləri yaxından izləməsi də seçkilərin səffaf keçiriləcəyinə inamı artırır.
“Hakimiyyət bərabər seçkiyə o qədər də həvəsli deyil”
Prezidentin köməkçisi Zeynal Nağdəliyevin adından mətbuatda yayılan açıqlama ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Hürriyyət”ə dedi ki, o, sözlərə inanmır: “Bu, piar xarakterli bəyanat da, amma ciddi tapşırıq da ola bilər. Yəni hakimiyyətin iradəsi də ola bilər. Yəqin ki, bir az gözləmək lazımdır. Buna mövqe bildirmək çox tezdir, hamımız gözləməliyik. Proses indi başlayıb. Yəni imzatoplama kampaniyasının iştirakçısı kimi deyirəm ki, elə bir ciddi qanun pozuntusuna yol verilməyib və namizədlər arasında bərabərlik prinsipi pozulmayıb. Ancaq təbliğat-təşviqat mərhələsində nə olacaq, demək tezdir. Yəni açıq görsənir ki, hakimiyyət o qədər də köklənməyib bu prosesi keçirsin. Televiziya debatlarının olmaması, İctmai televiziyada yüksək tariflərin müəyyən edilməsi göstərir ki, hakimiyyət bərabər seçkiyə o qədər də həvəsli deyil. Nağdəliyev tərəfindən bəyanat verilibsə, gözləmək lazımdır”.
“Heç kəsin ağzının suyu axmasın ki, hansısa bəyanatla ölkədə normal seçki keçiriləcək”
“Nağdəliyev açıq bəyanat verməyib, onun adından açıqlama yayılıb” dedikdə Ə. Əliyev belə cavab verdi: “Həmin hakimiyyətin də qərarı odur ki, İctimai televiziyada debatlar olmasın. Nə səbəbə debatlar olmamalıdır? Həmin hakimiyyətin qərarıdır ki, tariflər çox yüksək olsun, dəqiqəsi 3500 manata gəlib çatır. Azərbaycanda o cür gəliri olan nə qədər adam var ki, dəqiqəsinə 3500 manat təbliğata pul verməyə imkanı olsun? Hakimiyyət belə bəyantlarla yanaşı, başqa işləri də görür. Məsələn, əvvəl mən namizəd kimi komissiyalara məşvərətçi komissiya üzvü təyin edə bilirdim. İndi o hüququ mənim əlimdən alıblar. Heç kəsin ağzının suyu axmasın, şirnəklənməsin ki, hansısa bəyanatla ölkədə normal seçki keçiriləcək. Zamanı yetiəşəndə normal seçki keçirilər, normal da qiymət verərik. Hələ ki, bu günə qədər heç bir qanun pozuntusuna şahidlik etməmişəm və indi nədənsə danışmaq çox tezdir. Bu, özü-özlüyündə yaxşı bəyanatdır, amma hələlik bəyanatdır, hərəkət deyil”.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın açıqlamasına gəlincə, Ə. Əliyev fikrini belə ifadə etdi: “Biz belə bəyanatları çox eşitmişik. Səbrli olub, gözləmək lazımdır. Hər Prezident Aparatına bağlı adamın verdiyi bəyanatı seçkinin keyfiyyəti kimi təqdim etmək yanlışdır, tələsməyin, gözləmək lazımdır”.
“Bu günə qədər beynəlxalq korpus Azərbaycanda keçirilən saxta seçkilərə əsasən dəstək verib”
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin seçkilərlə bağlı açıqlamasını müsbət hal hesab edən Ə. Əliyev bildirdi ki, yaxında oda səfirlikdə görüş keçirəcək: “Özüm də onların təsurratlarını biləcəm. Amma bu günə qədər beynəlxalq korpus Azərbaycanda keçirilən saxta seçkilərə əsasən dəstək verib. Ona görə, hələlik hansısa bəyanatları seçkinin necə keçirilməsinə şamil etmək olmaz. O bəyanatlardır, mövqedir. Ayrı-ayrı dövlətlər, o cümlədən də səfirlər öz dövlətlərinin maraqları ilə idarə olunur”.
“Yerlərdə hələlik məsələlər köhnə qaydada cərəyan edir”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə qeyd etdi ki, Zeynal Nağdəliyev mövcud hakimiyyətdə vəzifə tutan ciddi adamdır: “Yəni onun haqqında başqaları kimi mənfi informasiyalar getməyib. O, həmişə ciddi fiqur kimi qəbul olunub. Onun fikirlərinə ciddi yanaşmaq lazımdır. Düzdür, yerlərdə hələlik məsələlər köhnə qaydada cərəyan edir. Konkret Masallıda bizim namizədimiz var, orada da elədir. Amma bu xəbərdarlığın özü nədənsə xəbər verir. Lakin əvvəlcədən heç nəyi pronozlaşdırmaq olmaz ki, bu xəbərdarlıqdan sonra hansı addımlar atılacaq. Doğrudanmı YAP-ın namizədləri, yerli icra srtrukturları ölkədə normal demokratik seçikilərə kömək edəcək? Amma hər halda, bu bəyanatın özü müəyyən qədər ümidlər verir. Çünki indiki dövrdə yerli strukturlarla işləyən yüksək dövlət məmuru Zeynal Nağdəliyevdir. Ona görə, görünür, müəyyən adamlara ciddi xəbərdarlıqdır. Çünki bir qisim öyrənib ki, ötən seçkilərdə olduğu kimi sakitcə dursun, kiminsə adından istifadə etsin, bütün strukturlar işləsin, bunları formal seçdirsin. Namizədlərdən də təpki gəlməlidir. Görürsünüz, şəxsən mən ciddi təpki vermişəm. Heç kim mən verdiyim təpkini açıq şəkildə verməyib. Çünki mən dediyim adam ailəyə çox yaxın adamdır. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevin adından istifadə olunur. Açıq deyirəm ki, YAP, yerli strukturlar, namizəd və onun ətrafında olanlar bundan istifadə edir. Ona görə, hesab edirəm, bu xəbərdarlıqdır. Hər halda, əgər belə bir şey varsa, bu, müsbət qiymətləndirilməlidir”.
“Dünyanın da Azərbaycanda keçirilən seçkilərə bir marağı yoxdur”
Azərbaycanda seçkilərin müasir, demokratik standartlara uyğun keçirilməsini mümkünsüz hesab edən E. Musayev nəzərə çatdırdı ki, mövcud şərait buna imkan vermir: “Nə seçki komissiyalarının formalaşdırılması, nə təbliğat müddəti, nə ölkədə seçki ilə bağlı atmosfer, nə kütləvi informasiya vasitələrində seçkilərlə bağlı təbliğat, nə də hakimiyyətin münasibəti bunu deməyə əsas vermir. Dünyanın da Azərbaycanda keçirilən seçkilərə bir marağı yoxdur. Təbliğat müddəti başlayıb, amma ciddi ab-hava hiss olunmur. Eyni zamanda həm də qış fəslidir. Təbliğat müddəti qısadır. Ona görə, heç bir standarta cavab vermir. Onunla razılaşmaq olmaz”.
“Namizədlərin çoxluğu indiki halda anormal haldır”
E. Musayevin fikrincə, Amerikanın seçkiləri yaxından izləməsi seçkilərin şəffaf keçiriləcəyinə zəmin yaratmır: “Çünki təcrübə bunu deyir. İllərlə izləyiblər, amma saxta seçkilərin nəticəsini qəbul ediblər. Ümumiyyətlə, namizədlərin çoxluğu indiki halda anormal haldır. Niyə? Adətən normal, demokratik ölkələrdə siyasətlə məşğul olan adamlar seçkilərə qatılırlar. İndi cürbəcür kateqoriya adamlar var ki, özlərini reklam etmək üçün qatılıblar. Üzr istəyirəm, hətta küçə qadınları özlərini reklam etmək üçün sanki bir meydan, şans qazanıblar, yaxud da kiminsə ticari əlaqəsi var, kimsə özünü göstərmək istəyir, kimsə oğluna yaxşı qız almaq istəyir, deyir, bu deputatlığa namizəddir, kimsə qızını ərə vermək istəyir, deyir bu, deputatlığa namizəd olub. Ona görə, anormal bir şeydir, bütün dünyanın hər yerində siyasətlə siyasətçilər məşğul olur. Seçkilərdə də siyasi partiyalar iştirak edir, siyasi mövqelər, platformalar ortaya qoyulur. Ərə getmək üçün reklam şansı qazanan və yaxud da ticarətlə məşğul olan bir adamın hansı platforması ortada olacaq? Bunlar normal şeylər deyil”.
Hurriyyet.org