Xəbər verdiyimiz kimi, Rusiyada övlad sahibi olan analara verilən birdəfəlik müavinətin miqdarında dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürülüb.
Belə ki, birinci uşaq üçün analar 466 417 rubl (12 min 879 AZN), ikinci uşaq üçün isə 150 min rubl (4100 AZN) müavinət alacaq. İki uşağı olan ailələr üçün vəsaitin ümumi həcmi 616 min rubldan (17 min AZN) çox olacaq. Həmçinin, üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl həcmində ipoteka krediti verəcək.
Ölkəmizdə də hazırda 200 manat olan birdəfəlik müavinətin artırılması və uşaq pulunun bərpası ilə bağlı müzakirələr aparılır.
Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, Azərbaycanda ailələrin 3 uşaq sahibi olmasına stimul vermək lazımdır:
“Dəfələrlə bu mövzu ilə əlaqədar müsahibə vermişəm. Çünki olduqca aktual və vacib məsələdir. Biz ölkəmiz üçün çalışmalıyıq ki, hər bir ailədə üç uşaq olsun. Çünki hər ailədə bir uşaq olanda ölkədə əhalinin artımı mənfi indekslə davam edir. Eyni zamanda tək uşaq yaşlı mühitdə - baba-nənə, ən yaxşı halda ata-ana ilə böyüyür. Bu da onun psixi inkişafına uyğun olmur. Evdə iki uşaq olanda da əhali artımı lazımı səviyyədə getmir. Bu isə gələcəkdə etnik tərkibin dəyişməsi və bunun səbəb olduğu digər problemlərə gətirib çıxara bilər.
Ailədə üç və daha artıq uşağın olub-olmaması ata və ya ananın şəxsi problemi deyil. Dövlət çalışmalıdır ki, uşaqlar keyfiyyətli böyüsünlər. Yəni, uşaqlarımız fiziki cəhətdən sağlam olsun, mənəvi cəhətdən formalaşsın.
Bu gün bizdə verilən birdəfəlik müavinət - 200 manat üç uşaq böyütməyə imkan vermir. Bu sahədə elmi təhlilə, planlaşmaya konkret olaraq ehtiyac var”.
Sosioloq Azərbaycanda çoxuşaqlı ailələrin sayının ilbəil azalması tendensiyasının qarşısını almaq üçün stimullaşdırıcı tədbirlərə ehtiyac olduğunu vurğulayıb:
“Valideyn bilməlidir ki, üç uşağı dövlət üçün böyüdür. Arxayın olmalıdır ki, dövlətin ona qayğısı da var. Valideyn həm bu tələbatı həm də qayğını hiss etməlidir. Valideynlər nə üçün üçüncü uşaqdan qorxur? Çünki üçüncü uşaqdan sonra sosial, iqtisadi problemlər artır. Cəmiyyətdə elə infrastrukturlar olmalıdır ki, o uşaqlar bağçaya gedə bilsin, uşaqların qayğıları ilə məşğul olsunlar və ailə də üç uşağın olması böyük problem yaratmasın. Belə məsələlərə görə valideynlər çoxuşaqlılıq tərəfdarı olmurlar”.
Ə.Qəşəmoğlu indiki uşaqların ehtiyacları, təhsili və sosial vədişlərinin qarşılanması üçün birdəfəlik müavinətin miqdarı ilə də bağlı fikirlərini səsləndirib:
“Təhlil olunmadan bir söz demək düzgün olmaz. Digər ölkələrin təcrübələrindən, metodlarından faydalanmaq olar. Bunun üçün araşdırmalar aparılmalıdır. Mənim burda hansısa rəqəm səsləndirməyim səhv olar”.