Sizin reklam burada
Sizin reklam burada

Pullu efirdən kim istifadə edəcək? - Namizədlər bahalıqdan şikayətlənir

Pullu efirdən kim istifadə edəcək? - Namizədlər bahalıqdan şikayətlənir
İctimai Televiziya və Radio Yayımları Şirkəti deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatına qoşulub.

Belə ki, Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat (1 dəqiqə üçün 1320 manat), bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manat olacaq (1 dəqiqə üçün 3900 manat). İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır. Bildirək ki, təşviqat kampaniyası yanvarın 17-də başlayacaq.

Maraqlıdır, namizədlər İTV-nin efirində çıxış etməyi düşünürmü?

Cebhe.info məsələ ilə bağlı bəzi namizədlər arasında sorğu keçirib.

AXCP sədri Razi Nurullayev bildirib ki, pullu efir vaxtından istifadə edə bilməyəcək:

“Çünki qiymətlər bizim cibimizə uyğun deyil. Əgər pulsuz efir vaxtı olarsa, bundan istifadə edə bilərik. Biz yəqin ki, kənd-kənd, qəsəbə-qəsəbə, ev-ev öz təbliğat materiallarımızı paylayacağıq. Seçki komandası insanlarla fərdi görüşlərə üstünlük verəcək və kütləvi toplantılarda da seçicilərə müraciət edəcəyik. Ödənişli olan imkanlardan istifadə etməyimiz bir qədər məhduddur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə efirin 1 dəqiqəsinin qızılın bir unsiyasından baha olduğunu deyərək İTV-nin təşviqat kampaniyasından istifadə etməyəcəyini diqqətə çatdırıb:

“Qızılın bir unsiyasından bahadır. İndi sosial şəbəkələr, “Youtube” kanalları var, ona görə də seçici ilə birbaşa ünsiyyətdə olmaq daha rahatdır. Bunlardan daha çox istifadə edəcəyik, televiziyaya ehtiyacımız yoxdur”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, dövlət tərəfindən öz təşəbbüsü ilə qoşulmuş şəxslərə maliyyə dəstəyi olmadığına görə bu qiymətlər onlar üçün əlçatan deyil. Lakin ekspert təbliğat kampaniyasından yararlanmaq üçün imkanlı şəxslərdən, seçilməyini istəyənlərdən bank hesabına ianə vermələrini xahiş edəcək:

“İlk növbədə qeyd edim ki, İTV tərəfindən müəyyən edilmiş ödənişli efir qiymətləri çox bahadır. Düzdür, son aylar İTV-də həyata keçirilən islahatlar nəticəsində kifayət qədər baxımlı kanalar çevrilib və ətrafında izləyici kütləsi toplayıb. Nəzərə alsaq ki, dövlət tərəfindən seçkiyə qoşulmuş namizədlərə, xüsusilə öz təşəbbüsü ilə qoşulmuş şəxslərə maliyyə dəstəyi olunmur, bu, qiymətlər onlar üçün əlçatan deyil. Seçki bərabər imkanlar şəraitində həyata keçirilir. Siyasi partiyalar öz namizədləri üçün vəsait ayıra bilər. Amma müstəqil namizədlərin bu resursu yoxdur. Digər tərəfdən, bəlkə elə müstəqil namizəd var ki, onun seçilməsi dövlət, hökümət üçün lazımdır, amma maliyyə dəstəyi olmadığı üçün prosesdən kənarda qalır. Mən Neftçala 61 saylı Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm, amma növbədənkənar seçkilərdir, təbliğat üçün 23 gün vaxt ayrılıb, bu müddət ərzində Neftçaladakı 58 yaşayış məntəqəsinin hər birində 42 min seçici ilə görüşmək praktik olaraq mümkün deyil. Mümkün olsa belə, keyfiyyətli olmayacaq. Ona görə də elektron resurslardan, sayt və TV-lərdən istifadə etməliyəm. Bunun üçün ən optimal resurs İTV-dir. Çünki bütün bölgələrdə izlənilir. Ona görə də imkanlı şəxslərdən, seçilməyimi istəyənlərdən bank hesabıma ianə vermələrini xahiş edəcək və mütləq şəkildə bu imkandan yararlanacağam. Çünki mən bu seçkiyə qalib gəlmək üçün qatılmışam. Bunun üçün bütün gücüm və imkanlarımı səfərbər edəcəyəm. Birmənalı şəkildə deyim ki, İTV-də olacaq ödənişli efir vaxtından istifadə edəcəyəm”.

Tanınmış jurnalist Jalə Mütəllimova da bildirib ki, qiymətlər son dərəcə yüksəkdir, ona görə də İTV-nin təşviqat kampaniyasında iştirak etməyəcək:

“Mənim o vəsaitim yoxdur. Olsa belə, daha yaxşı işə yönəldərdim. Yəqin ki, bu, bizim kimi sadə, xalq içindən gələn namizədlər üçün nəzərdə tutulmayıb. Əksəriyyəti iş adamları və varlılardan təşkil olunan sabiq Milli Məclis üzvlərinin bu reklam imkanından yararlanacağına əminəm. Amma doğrudan da ölkə üçün faydalı işlər görülməsi istənilsə və buna görə pulsuz efir, debatlar təşkil olunsa, 92 saylı Zərdab-Ucar Seçki Dairəsi haqda çoxlu deyəcəklərim var”.

“İctima İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin rəhbəri Şaban Nəsirov da qiymətlərin olduqca baha olduğunu, həmin vəsaitlə daha geniş təbliğat aparmağın mümkünlüyünü vurğulayıb:

“Qiymətlər olduqca bahadır. Təşviqat yanvarın 17-si başlayacaq. Elə fantastik qiymət tətbiq edirlər ki, halal zəhmətlə dolanan heç bir namizəd bu pulu xərcləyib efirə çıxmaz. Ona görə də televiziya, radio qiymətlərilə əksəriyyət razılaşmayacaq. Burada çəkiləcək xərcin 1/3-i ilə mən öz dairəmdə kəndbəkənd, qapı-qapı gəzərək təşviqatımı apara bilərəm. O, daha effektiv olar. Hansısa bir dəqiqəlik məlumatı yerləşdirmək bu qədər baha olmamalıdır. Xərclər Azərbaycan reallığına uyğun deyil. Yalan danışmağın bir adı yoxdur ki...”

ReAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, kanalın yaradılma fəlsəfəsi vətəndaşları daha çox bilgiləndirmək, alternativ fikirlərin yayılmasına kömək etməkdir. İctimai Televiziya özəl kanal deyil və büdcədən maliyyələşir, ona görə də belə bir qiymət tətbiq etməsi məntiqə uyğun deyil:

“Qiymətlər çox bahadır. Əsas məsələ isə ondan ibarətdir ki, İctimai Televiziya özəl kanal deyil. Özəl televiziya və radio kanalları hər hansısa bir formada qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı qərar verilsəydi, buna heç bir irad bildirmək mümkün olmayacaqdı. Amma İTV-nin fəaliyyətində biz artıq iştirak edirik, yəni büdcədən maliyyələşir və Azərbaycan vətəndaşları televiziyaya vergilər şəklində vəsait ödəyirlər. Bu kanalın yaradılma fəlsəfəsi ondan ibarətdir ki, vətəndaşları daha çox bilgiləndirsin, alternativ fikirlərin yayılmasına kömək olsun. İctimai kanal Azərbaycanın Avropa Şurasına üzvlüyü zamanı bir öhdəlik kimi qoyulmuşdu və bu öhdəlikdə Azərbaycanda vətəndaşların daha doğru-düzgün ictimai məlumatların alınması ilə bağlı öhdəliyi də var. İctimai kanalın maliyyələşməsində zatən vətəndaş iştirak edir. Onun büdcəsinin formalaşması vətəndaşın vergisi hesabına baş verir deyə İTV-də belə qiymətlərin olması doğru deyil. Seçki kimi önəmli prosesdə vətəndaşlara bilgilərin çatdırılmasında mühim rol oynamalıdır. Amma görünür o, buna bir kommersiya layihəsi kimi baxır. Bu yanaşma doğru deyil. Qiymətlərə görə efirdən istifadə etməyi düşünmürəm, effekti yoxdur. Televiziyalar bir şeyi anlamalıdırlar ki, Azərbaycan izləyicisini itiriblər. Aparılan siyasət nəticəsində vətəndaşların daha çox məlumatı internetdən alır. Böyük ekran kiçik ekrana uduzub. Uduzmuş televizianın bu qiyməti seçki dönəmində təqdim etməsi kommersiya nöqteyi-nəzərdən də məntiqli deyil”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ