Hüquq elmləri doktoru, professor, ictimai xadim, şair Simran Həsənovun 70 illik yubileyinə
... Boşuna yaşanmamış bir ömrün gerçəklərindən danışırıq. Əslində bu gerçəklər bu şərəfli ömrü VAR EYLƏYƏNlərdir. Hüquq elmləri doktoru, professor, ictimai xadim, şair Simran Həsənovun ömrünün 70 illik zaman kəsiyində hər şey var: Üstəlik heç də hər kəsin taleyinə qismət olmayan cənnətməkan İsmayıllı rayonunun Buynuz kəndi də var... Və hər şeydən əvvəl də Simran Həsənovun taleyində böyük hərflərlə yazılan SÖZ var - ədalətli söz, nəzəri söz, bədii söz...
Uzun bir dövrü yaşadın, gəlib çatdın 70-ə... Ömür dediyin yalnız rəqəmlərin məcmusundan ibarıt deyil ki... İnsanın ömrünü yalnız illərin sayı ilə ölçmək mümkün deyil. Əsl ömür insanın cəmiyyətə, elmə, təhsilə, mənəviyyata və ədəbiyyata bəxş etdiyi dəyərlərlə ölçülür. Elə insanlar var ki, yaşadıqları illəri sadəcə öz həyatlarının səhifələrinə deyil, bütövlükdə xalqın mənəvi və intellektual yaddaşına yazırlar. Hüquq elmləri doktoru, professor, ictimai xadim və şair Simran Həsənov kimi.
Onun 70 illik yubileyi bir alimin, bir müəllimin, bir ziyalının və bir söz adamının həyat yoluna nəzər salmaq, keçilmiş böyük və mənalı bir ömrün hesabatını vermək baxımından əlamətdar hadisədir. Hər yaşda sevdiyin, səni sevən insanlara hesabat verə bilərsən və yaxud kimsə sənin əvəzinə bunu ətrafa çatdıra bilər. Bir də var ki, bəlli zaman kəsiyindən sonra...
Simran Həsənovun həyat və yaradıcılıq yolu Azərbaycan ziyalısının klassik obrazını özündə birləşdirir: elmə sədaqət, hüquqa bağlılıq, ədalət duyğusu, milli-mənəvi dəyərlərə hörmət, insanlara xidmət və sözə məsuliyyət.
BUYNUZDAN BÖYÜK DÜNYAYA
Əslində Buynuzda doğulmağın, canına Buynuzun əzəmətinin hopmasının özü bir dünyadır. Simran Həsənov İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlib. Onun həyat yolunun başlanğıcının məhz Azərbaycan təbiətinin füsunkar guşələrindən biri ilə bağlı olması təsadüfi deyil. Buynuz kimi qədim və zəngin təbiətli bir mühit insanın dünyagörüşünün, xarakterinin və mənəvi yaddaşının formalaşmasında mühüm rol oynaya bilər. Bir az əvvəldə dedim axı, heç də hamının taleyində olmayan bir İsmayıllı gerçəyi də, bir Buynuz gerçəyi də var Simran Həsənovun taleyində. Hələ üstəlik də Azərbaycan poeziyasının, sözün bütün mənalarında əfsanəsi Xalq şairi Musa Yaqubdan ədəbiyyat dərsi alması, sonralar isə böyük şairlə dostluq münasibətləri qurması xatirələri də var taleyində... Bu fakt Simran Həsənovun şəxsiyyətində hüquqşünaslıqla poeziyanın, elmi təfəkkürlə bədii duyumun necə bir-birinə qovuşduğunu anlamaq üçün olduqca maraqlıdır.
Həyatın sonrakı mərhələsində hüquq elmini seçməsi isə onun qarşısında tamam başqa bir məsuliyyətli yol açdı. Hüquq sadəcə qanunları bilmək deyil. Hüquq həm də ədaləti anlamaq, cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmək, insan hüquqlarına hörmət etmək, dövlət və vətəndaş münasibətlərinin hüquqi əsaslarını araşdırmaq deməkdir. Sözün təkcə ona verdikləri ilə iş bitmədi... O da həmişə haqqın, ədalətin, elmin, nəzəriyyənin, bədii sözün yanında olmağa SÖZ VERDİ. Və ömrünün 70-ci baharında da verdiyi sözün, haqqın, elmin, poeziyanın yanındadır.
Simran Həsənov bu mürəkkəb və məsuliyyətli sahədə öz elmi dəst-xəttini formalaşdıraraq Azərbaycan hüquq elminə töhfələr verən alimlər sırasında yer aldı.
ƏDALƏTƏ GEDƏN BÖYÜK YOL
Simran Həsənovun elmi fəaliyyətinin mühüm istiqamətlərini mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq, vergi hüququ və dini qurumların hüquqi statusu ilə bağlı məsələlər təşkil edir. Hüquq sahəsi üzrə alim və tədqiqatçılar haqqında məlumat bazasında da onun əsas elmi istiqamətləri bu sahələrlə əlaqələndirilir.
Alimin elmi yaradıcılığının miqyası onun müəllifi olduğu monoqrafiya, dərslik və elmi məqalələrdə özünü göstərir. Bir az əvvəl dediyimiz kimi, sözlə göz-gözə, ürək-ürəyədir. Açıq mənbələrdə Simran Həsənovun 10-dan çox monoqrafiyanın və 50-dən artıq elmi məqalənin müəllifi olduğu bildirilir.
Onun elmi irsində “Səhmdar cəmiyyətlərinin hüquqi statusu”, “Korporativ hüquq”, “Vergi hüququ. Ensiklopedik lüğət”, “Din təhsili və dini təhsil müəssisələri: hüquqi aspektlər”, dini etiqad azadlığı və digər hüquqi məsələlərə həsr olunmuş əsərlərin adı çəkilir. Azərbaycan Milli Kitabxanasının biblioqrafik materiallarında da onun hüquq və din təhsili məsələlərinə həsr edilmiş kitabları qeyd olunur.
Bu əsərlərin hər biri müəyyən hüquqi problemin araşdırılmasından daha artıq məna daşıyır. Çünki elmi əsərin həqiqi dəyəri onun yalnız müəllifinə deyil, sonrakı nəsil tədqiqatçılara, tələbələrə və bütövlükdə hüquq düşüncəsinin inkişafına nə qədər xidmət etməsi ilə müəyyənləşir.
ZİRVƏ AMALI
70 illik şərəfli bir ömrün bütün məqamları haqqında bir təbrik yazısının hüdudları daxilində gərdiş eləmək mümkün deyil. Nə qədər xatırlasan da, desən də, çox şey qalır o biri yazılara... Simran Həsənovun elmi fəaliyyətində mühüm mərhələlərdən biri “Azərbaycan Respublikasında dini qurumların mülki-hüquqi statusunun problemləri” mövzusunda doktorluq dissertasiyasının hazırlanması və müdafiəsi olmuşdur. Doktorluq zirvəsi və elmi məsuliyyət - Simran Həsənovun indi çatdığı hədəfləri olub həmişə - AMALI ZİRVƏ OLANLARIN inamı böyük olur həmişə.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatında Simran Seyfəddin oğlu Həsənovun bu mövzuda dissertasiya müdafiə etdiyi və hüquq elmləri doktoru elmi dərəcəsi aldığı göstərilir. Dissertasiya 5608.01 — mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ və beynəlxalq xüsusi hüquq ixtisası üzrə hazırlanıb.
Bu tədqiqat mövzusu öz aktuallığı ilə də diqqəti cəlb edir. Din, vicdan və etiqad azadlığı, dini qurumların hüquqi statusu, onların cəmiyyətdəki yeri və dövlətlə münasibətlərinin hüquqi çərçivəsi müasir hüquq elminin mühüm istiqamətlərindəndir.
Belə bir mövzunun fundamental elmi araşdırmaya çevrilməsi yalnız peşəkar hüquq biliyi deyil, həm də cəmiyyətin sosial-mənəvi quruluşuna dərindən bələd olmağı tələb edir.
AUDİTORİYALARIN SEVİMLİSİ
Həyatının müəyyən bir hissəsi də ali məktəb auditoriyalarında keçib Simran müəllimin. Özünün düşünücəsinə görə, elm adamının əsas missiyalarından biri yalnız elmi əsər yazmaq deyil, həm də özündən sonra gələn nəsilə bilik ötürməkdir.
Simran Həsənovun pedaqoji fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun Bakı Dövlət Universitetinin Hüquq fakültəsində uzun illər pedaqoji fəaliyyət göstərməsi, hüquqşünas kadrların hazırlanmasında iştirak etməsi onun həyat yolunun mühüm istiqamətlərindəndir. Konstitusiya Məhkəməsinin materiallarından birində də Simran Həsənov BDU-nun Hüquq fakültəsinin mülki-prosessual və kommersiya hüququ sahəsində müəllim kimi göstərilir.
Simran Həsənova görə universitet auditoriyası müəllim üçün sadəcə dərs keçilən məkan deyil. Auditoriya həm də düşüncə formalaşdırılan, gənclərə peşə məsuliyyəti aşılanan, elmə marağın oyadıldığı mənəvi məkandır. Hüquq fakültəsinin tələbəsinin yaxşı hüquqşünas olması üçün yalnız qanun maddələrini bilməsi kifayət deyil. O, ədalətin mahiyyətini, hüququn fəlsəfəsini, insan ləyaqətinin toxunulmazlığını, dövlətçilik düşüncəsini və cəmiyyət qarşısında məsuliyyətini də anlamalıdır. Nədənsə bu yerdə XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist Volterin bir fikri yada düşür: "Mən sizin fikrinizlə razı olmaya bilərəm, lakin sizin bu fikri söyləmək hüququnuzu ömrüm boyu müdafiə edəcəyəm”.
Məhz buna görə hüquq müəlliminin şəxsiyyəti tələbə üçün ayrıca məktəbdir. Nə yaxşı ki, BDU-nun Hüquq fakültəsi tələbələrinin belə bir məktəbi var.
İCTİMAİ FƏALLIĞI
Simran Həsənovun fəaliyyət dairəsi yalnız universitet və elmi araşdırmalarla məhdudlaşmayıb. O, müxtəlif dövrlərdə ictimai və dövlət əhəmiyyətli məsələlərin müzakirəsində iştirak edib.
Milli Məclisin 2021-ci il iclas protokolunda Simran Həsənov Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsi Aparatının rəhbəri kimi iclasa dəvət olunan şəxslər sırasında göstərilir.
Bu məqam onun hüquq elmi ilə ictimai fəaliyyətinin bir-birini tamamladığını göstərən nümunələrdən biridir.
Əsl ziyalının əsas xüsusiyyəti onun cəmiyyətə münasibətidir. Ziyalı öz biliyini şəxsi uğur vasitəsinə çevirməklə kifayətlənmir; o, bildiklərini cəmiyyətin inkişafına yönəltməyə çalışır.
ŞAİR ÜRƏYİNİN HÖKMÜ
Bu taledə ən böyük yer SÖZündür. Bu sözün bir tərəfi də bədii sözdür. Lap əvvəldə demişdik ki, Simran Həsənovun şəxsiyyətini maraqlı və özünəməxsus edən cəhətlərdən biri də onun poeziya ilə bağlılığıdır. Hüquqşünasın şair ruhu dünyanın faniliyini, təbiətin əzəmətini poetikcəsinə yaşayaır. Onun “Ormançıoğlu” təxəllüsü ilə şeirlər yazdığı və musiqiyə böyük maraq göstərdiyi barədə müxtəlif KİV-lərdə social şəbəkələrdə məlumatlar verilib. Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı, akademik Rafael Hüseynovun təqdim etdiyi “Axşam görüşləri” proqramının bir buraxılışı Simran Həsənova həsr olunmuşdur.
Hüquq və poeziya ilk baxışda bir-birindən uzaq görünə bilər. Bir tərəfdə qanun, norma, hüquqi məntiq və dəqiqlik, digər tərəfdə duyğu, obraz, metafora və insan ruhunun incəlikləri dayanır. Lakin əslində bu iki dünyanın ortaq nöqtəsi var də var. ORMANÇIOĞLUNUN şair ürəyinin hökmü budur - İNSAN və ƏDALƏT:
Allahım, bir az da ömür ver mənə,
Görüm bu işlərin sonu nə olur.
Dəyirman daşında üyünən Vaxtın
Kəpəyi nə olur, unu nə olur?
Hüquq insanın hüququnu qorumağa çalışırsa, poeziya insanın mənəvi dünyasını qoruyur. Hüquq cəmiyyətin münasibətlərini tənzimləyirsə, poeziya insanın daxilindəki həqiqəti üzə çıxarır:
Orta məktəb illərində xalq şairi Musa Yaqubdan dərs alması, sonralar onunla dostluq etməsi və şeir yaradıcılığının həmin böyük sənətkarla mənəvi bağlılığı Simran Həsənovun poeziya yolunun ən maraqlı səhifələrindəndir. Ustadın “Bu dünyanın qara daşı göyərməz” adlı şeirinə yazdığı nəzirədə də bu bağlılıq hiss olunur:
Daş dəyişib daş xislətindən dönməz,
Nə göy rəngə, nə qaraya sevinməz.
Ağ daşların daha qədri bilinməz,
Bu dünyanın qara daşı göyərsə.
Musa Yaqub yaradıcılığının əsas xüsusiyyətlərindən biri təbiət, zaman, insan və həyat haqqında fəlsəfi düşüncələrin sadə, lakin dərin poetik dillə ifadəsidir. Simran Həsənovun şeirlərində də zaman, ömür, insan xarakteri, vicdan, dünya və mənəvi dəyərlər kimi mövzulara rast gəlinir:
Görməsinlər, dərməsinlər səni, aman,
İz itirib, seçilmə heç bəyaz qardan.
Qoy desinlər, bu nə sirdir,
Qardanmısan,
Qar çiçəyi!
Bu poetik nümunələrdə müəllifin hüquqşünas kimliyi də müəyyən mənada hiss olunur: o, insan davranışlarına, cəmiyyətin mənəvi vəziyyətinə, haqq və haqsızlıq məsələlərinə biganə qalmır.
Bir qara daş göyərməklə yaz olmaz,
Daş qəlblərə insaf hökmü yazılmaz.
Milyon ilin daş ahəngi pozulmaz,
Bu dünyanın qara daşı göyərsə.
Yaşam tərzində də, əməllərində də, yazdıqlarında da eyni ÜRƏKdir.
ZİYALILIQ
Simran Həsənov böyük ziyalıdır. Bəzən insan haqqında danışarkən onu yalnız bir titulla təqdim etmək istəyirik: alim, professor, hüquqşünas, şair, ictimai xadim... Lakin Simran Həsənovun şəxsiyyətini yalnız bir sözlə ifadə etmək çətindir. Daşıdığı vəzifələri, gördüyü işləri onda var eyləyən ZİYALILIQdır. Baxın:
O, hüquqşünasdır — çünki uzun illər hüquq elminə xidmət edib.
O, alimdir — çünki fundamental tədqiqatlar aparıb, monoqrafiyalar və elmi məqalələr yazıb.
O, müəllimdir — çünki öz biliklərini tələbələrə ötürüb.
O, ictimai xadimdir — çünki cəmiyyət həyatında fəal mövqe tutub.
O, şairdir — çünki insan ruhunun səsini sözə çevirib.
Bütün bu xüsusiyyətləri birləşdirən isə ziyalılıqdır.
MƏNƏVİ HESABATIN NİŞANƏSİ
Yubiley — keçmişə ehtiram, gələcəyə inamdır, - deyirlər. Gerçəkdir. Əgər söhbət 70 illik yubileydən gedirsə, onda daha geniş bir zamanın fərqindəyik.
70 illik yubiley insan ömrünün mühüm mərhələsidir. Bu yaş bir tərəfdən keçilmiş yolun qiymətləndirilməsi, digər tərəfdən isə gələcək fəaliyyət üçün yeni üfüqlərin açılması deməkdir.
70 il ərzində insanın gördüyü işlər, yetişdirdiyi tələbələr, yazdığı əsərlər, qazandığı dostluqlar, cəmiyyətə verdiyi töhfələr onun əsl mənəvi sərvətinə çevrilir.
Simran Həsənovun yubileyi də məhz belə bir mənəvi hesabatın əlamətidir.
Bu yubiley münasibətilə onun elmi fəaliyyətini qiymətləndirən həmkarları, pedaqoji əməyini xatırlayan tələbələri, ictimai fəaliyyətini yaxından bilən insanlar və poeziyasını sevən oxucuları üçün ortaq bir hiss var: HÖRMƏT!
Elmə xidmət edən insanın əməyi zaman keçdikcə daha aydın görünür. Müəllimin yetirdiyi tələbələr müxtəlif vəzifələrdə çalışdıqca onun zəhməti cəmiyyətin müxtəlif sahələrində davam edir. Alimin yazdığı əsərlər yeni tədqiqatlara yol açdıqca onun fikirləri yaşamaqda davam edir. Şairin misraları oxunduqca onun duyğuları başqa insanların qəlbində də özünə yer tapır.
Beləliklə, insanın ömrü bioloji zamanla məhdudlaşmır — onun ideyaları, əsərləri və yetişdirdiyi insanlar vasitəsilə davam edir. Budur MƏNƏVİYYAT dediyin…
ÖMRÜN ÜÇDƏN-ÜÇÜNƏ XOŞ GƏLDİN, ORMANÇIOĞLU!
… Simran Həsənovun 70 illik yubileyi ərəfəsində haqqında nə yazdımsa, ürəyimin hökmü ilə yazdım. Başqa cür də olmazdı. Çünki o, ömrünün indiyə kimi yaşanmış hissəsinə böyük bir ürək qoyub. Onu ədalətin, haqqın yanında saxlayan da, auditoriyalarada tələbələrin sevimlisi edən də,
Vətən qalasından daş satanların,
Kəfəndən nəf üçün yas sayanların,
Ağlı tək cibinə tuşlananların,
Genindən nə çıxır, qanı nə olur, - misralarını yazdıran da o ÜRƏKdir.
O ürəkdir Simran müəllimə bu Vətəni sevdirən də… Bizi uzun illərin doğmasına sevirən də ürəyimizdəki Vətən sevgisi, SÖZə səcdəgah kimi baxmağımızdır.
70 yaş — yeni başlanğıcların yaşıdır…
70 yaş heç də yolun sonu deyil…Əksinə, zəngin təcrübənin, toplanmış elmi potensialın, həyat müdrikliyinin yeni layihələrə, yeni əsərlərə və yeni ideyalara çevrilə biləcəyi bir mərhələdir.
Bu gün Azərbaycan elminin, hüquq təhsilinin və ədəbiyyatının Simran Həsənov kimi çoxşaxəli şəxsiyyətlərə ehtiyacı var. Çünki cəmiyyətə yalnız ixtisasını yaxşı bilən mütəxəssislər deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, geniş dünyagörüşlü, ədalət hissi güclü və insanlara faydalı olmağa çalışan ziyalılar lazımdır.
Simran Həsənovun 70 illik yubileyi bu baxımdan təkcə bir şəxsin yubileyi deyil. Bu, elmə, təhsilə, hüquqa, ədəbiyyata və ziyalılığa verilən dəyərin də ifadəsidir.
... Üçdən-ikisini şərəflə yaşadığın ömrün ÜÇDƏN-ÜÇünə xoş gəldin, Ormançıoğlu! Burdan o yana hələ o qədər görəcəyin işlər var ki…
Yusif MƏHƏMMƏDOĞLU
AYB-nin və AJB-nin üvzi, Prezident təqaüdçüsi,
yazıçı-jurnalist
