
Tarixi təcrübə göstərir ki, hər bir xalqın siyasi taleyində mühüm dönüş nöqtələri – həlledici anlar və məqamlar var. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli inkişaf yoluna malik olan Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq yeni ənənələr və dəyərlər yaradan, yaşadan xalqımız XX yüzilliyin 90-cı illərində daha bir çətin və mürəkkəb sınaqla üzləşdi, tarixi-siyasi missiya və məsuliyyətini şərəflə yerinə yetirdi. Bu reallığı təmin və mümkün edən amil isə lider amili, yaxud liderlik fenomeni oldu.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Həmin ilin iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalq tərəfindən sevinclə qarşılandı, Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı – dövlətçilik tariximizin mühüm dönüş nöqtəsi oldu. Bu qayıdış xalqımızı fəlakətdən, müasir Azərbaycanı isə Xalq Cümhuruyyətinin taleyini yaşamaq – müstəqilliyi itirmək təhlükəsindən xilas etdi.
Ümummilli Liderin qayıdışından sonra atılan addımlar Azərbaycan dövlətinin dirçəlişini təmin edir, gələcəyə optimist baxmağa imkan və əsas verirdi. Təsadüfi deyil ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində Heydər Əliyev xalqın böyük etimadı və dəstəyi ilə Azərbaycan Prezidenti seçildi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ulu Öndər milli maraqlara, milli-mənəvi dəyərlərə, zamanın tələblərinə, reallıqlarına və çağırışlarına əsaslanan fəaliyyəti, uğurlu daxili və xarici siyasət kursu ilə ona bəslənilən ümidləri doğrultdu. Azərbaycanda sabitlik və təhlükəsizlik mühiti yaradıldı, iqtisadi, siyasi, hüquqi islahatlara başlandı, nizami ordu quruculuğu həyata keçirildi, ölkənin ikitərəfli əlaqələrinin inkişafı, beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində çox mühüm addımlar atıldı. Ən əsası, Heydər Əliyev Azərbaycanın əsl müstəqilliyini təmin etdi, 1993-2003-cü illər tariximizə sabitlik və inkişaf dönəmi kimi yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”.
Tarixi ədaləti bərpa edən, dünyaya öz gücünü, qüdrətini nümayiş etdirən, Qələbə zirvəsinə çatan Azərbaycan indi Zəfər yolu ilə daha möhtəşəm nailiyyətlərə doğru irəliləyir, tarix yazmağa davam edir. Məhz Milli Qurtuluş Günündə - 15 iyun 2021-ci il tarixində dost, qardaş və tərəfdaş ölkə olan, İkinci Qarabağ müharibəsində Azərbaycana qətiyyətli mənəvi-siyasi dəstəyi ilə böyük Zəfərin qazanılmasında vacib rol oynayan Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması da bu möhtəşəm tarixin mühüm tərkib hissəsi, daha bir parlaq səhifəsidir. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”. Əlbəttə, Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni məzmun verməklə yanaşı, ölkələrimizin birliyinin, ortaq iradəsinin, gücünün ifadəsi və yeni uğurlarının qarantıdır.
Nəticə etibarilə, Milli Qurtuluş xalqımızın xilası, dövlətimizin yüksəlişi və tərəqqisidir. Ulu Öndərin Qayıdışından, Qurtuluşdan başlanan tarix Azərbaycanı dünyada söz sahibinə çevirib, Zəfər zirvəsinə yüksəldib. Və üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanan Azərbaycan tərəqqi yolunda yeni uğurlara doğru əmin addımlarla irəliləyir!
Vüsalə Məmmədova
229 saylı tam orta məktəbin direktoru