Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir.
Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. Həmin dövrdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı.
Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşamış, paytaxt Bakının, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirilmişdi.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Cənab Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha möhkəmləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir.Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
İllər ərzində ölkəmizdə bütün sahələrdə hiss edilən inkişaf ordu quruculuğu sahəsində də özünün ən yüksək zirvəsinə çatmışdır. Cənab Prezident İlham Əliyevin 44 gün ərzində xarici mediada haqq səsimizi ucaltması, xalqa müraciətlərində səsləndirdiyi sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hisləri yaratdı. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.
Ruhun şad olsun Ümummilli lider, Ulu öndər.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Dilqəm Məhərrəmov
Plastik rekonstruktiv və estetik cərrah, tibb üzrə fəlsəfə doktoru