Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, "biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun".
Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi, verdiyi suallar, qaldırdığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi. Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyil.
Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.
Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ on ildən artıq bundan əvvəl Brazilyanın "Planetin səsi" qəzeti doqquz dövlətin jurnalistlərinə "dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz" sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.
Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev olduğuna görə deyil, vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın ikinci bir siyasətçi olar. Siyasətçi üçün lazım olan keyfiyyətlərlə yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək səviyyədə idi. Elə bunlar idi onun siyasətinin ucalığı, aliliyi, uzaqgörənliyi və heyrətamizliyi.
Heydər Əliyev siyasəti bütün dünyanı ehtiva edə bilir, düzgün istiqamətə yönəldirdi. Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də "sülh dili" ilə nəinki danışmağı bacarırdı, onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi. Görəsən, bəşəriyyət belə nəcib, yüksək intellekti ilə seçilən dövlət xadimləri, siyasət nəhəngləri ilə çoxmu qarşılaşıb?! Təəssüf ki, buna heç də çox rast gəlinməyib. Heydər Əliyev kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün və əmin-amanlığın təmin edilməsinə yetərincə pay vermişlər.
Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi... - bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.
Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.
Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. "Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir" - deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi "siyasət nəhəngi", "siyasət qrosmeysteri", "siyasət patriarxı"... kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.
Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Gülmirə Əlsöhbətova,
Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Şamaxı rayonu, Muğanlı kənd məktəbinin direktoru