Bu gün Vətən müharibəsinin iştirakçısı, şəhidi polkovnik Babək Səmidlinin şəhadətindən bir il keçir.
Oxu.Az şəhidin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Babək Mətləb oğlu Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə həmin məktəbin məzunu olub. O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.