“Ağdamın mina xəritəsinin alınmasına parlamentdə münasibət bildirməyə fürsəti olmamışdı. Sənədin mötəbərliyinə qiymət vermədən Amerika, Avropa Birliyi və Gürcüstanın vasitəçiliyi ona görə alqışlandı ki, 30-dan artıq ölüm hadisəsinin və 100-ə yaxın yaralanmadan sonra bir daha belə hadisənin baş verməyəcəyinə, 100 milyonlarla manat pula qənaət ediləcəyinə və ən əhəmiyyətlisi, böyük qayıdışın tez bir zamanda reallaşdıracağımıza zəmin yaranırdı”.
Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O qeyd edib ki, mina xəritələrinin alınması Ali Baş Komandanın müharibədə yürütdüyü hərbi taktikanın bir daha doğruluğunu sübut edir:
“O istiqamətdən hücumlar olsaydı itkilərin miqyasının müharibənin gedişinə və millətimizin mənəvi-psixoloji durumuna təsirini təsəvvür etmək çətin deyil.
Məgər Stalinqradı düşməndən azad edən babalarımız ömürlərinin 10 ilini də mina təmizləməyə həsr etmişdilər? Axı faşistlər belə etməyiblər! Mina xəritələri işğalın gerçək planıdır. Dövlətimiz onları real ittiham aktına, məhkəmə hökmünə çevirəcək”.
Deputat əlavə edib ki, beynəlxalq vasitəçilərin əli ilə dünyanın gözü qarşısında İrəvanın özündən aldığımız cinayət faktları və minalar Koçaryan və Sarqsyanın gerçək simasıdır:
“Bir xalq Komitasla, Ayvazyanla, Babacanyanla öyündüyü halda minlərlə kvadrat kilometrlərlə ərazidə qanlı əsərlər və qorxulu kabus yaradıb. Mesrop Maştotsun əlifbasının yazılı ədəbiyyata və qədim irsi qorumağa xidmət etdiyini, Ayane Şirakatsinin yerin kürə şəklində olduğunu Qalileydən əvvəl kəşf etdiyini deyən bir millət kürəşəkilli minalarla görün planetin bir parçasının başına hansı oyunu açıb və saxladıqları miras nədən ibarətdir.
Halbuki Azərbaycan xalqı heç bir torpağı minalamayıb. Çünki millətimizin min illik tarixi və dəyərləri ona imkan verməyib. İndi də hər həftə Xudavəngə gəlib dua edən rahiblər öz millətinə Allahdan əfv diləmək əvəzinə, bütün insanlıq əleyhinə birgəyaşayışın, sülhün altına qoyulan təhlükəyə görə Azərbaycandan üzr istəmək yerinə yenə Eçmiədzinin məxfi planlarını yürütmələri daha çox ermənilərə zərbədir. Ona görə Paşinyan ilahinin onlara qəzəbinin tutduğunu deyəndə, haqlıdır! Bir millət özünü mina ilə qoruya bilməz! Azərbaycan öz torpaqları kimi, milyonlarla erməninin şüurunu da minalardan təmizləyəcəkdir!”.