2018-ci ildən bu günədək müsahibələrdə uğur qazanmış 720 nəfər Nazirlik
sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə işə qəbul edilib.
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların videokonfrans formatında andiçmə mərasimi keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edib. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu islahatlar proqramı nəticəsində ölkəmizdə dövlət qulluğu sistemi daim inkişaf edərək təkmilləşib. Bu gün Azərbaycanda dövlət idarəetmə sistemi vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, əhaliyə xidmətin və idarəetmənin müasir, innovativ, optimal mexanizmlərin geniş tətbiqi ilə yüksək səviyyədə təşkili, vətəndaş məmnunluğuna nail olunması prinsiplərinə əsaslanır.
S.Babayev dövlət qulluqçularının səmərəli fəaliyyətlərinin daim yüksək qiymətləndirildiyini də bildirib. Ötən dövrdə Nazirliyin 55 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyünü, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla isə Nazirliyin daha 10 əməkdaşının da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırıb. Təltif olunmuş Nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Qeyd edib ki, 2018-ci ildən bu vaxta qədər vakant olan dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanmış 720 nəfər Nazirlik sistemində inzibati vəzifələr üzrə işə qəbul edilib.
Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələrini diqqətə çatdırıb.
Yeni işə qəbul olunan dövlət qulluqçuları and içərək, göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.
Tədbirdə dövlət başçısının “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 23 iyun 2021-ci tarixli Sərəncamı ilə təltif edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının adları oxunub. Dövlət təltifinə layiq görülmüş əməkdaşlar onların fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bundan sonra da fəaliyyətlərini bu etimada layiq səviyyədə davam etdirəcəklərini, öz vəzifələrinin icrasında daim əzmlə çalışacaqlarını vurğulayıblar.