Dayanıqlı İnkişaf Məqsədləri indeksi üzrə göstəricilərə əsasən, ölkəmiz 165 ölkə sırasında 55-ci, Cənubi Qafqaz regionunda isə ilk sıradadır. BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu illərdə iki Könüllü Milli Hesabat təqdim edən Azərbaycan artıq növbəti 3-cü hesabatını təqdim etməyə hazırlaşır.
Bunu Oxu.Az-a Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.
O qeyd edib ki, bu gün heç kəsin kənarda qalmaması prinsipi ilə 17 məqsəd və 169 hədəfdən ibarət mürəkkəb gündəliyin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin iştirakı, sektorlar arası əməkdaşlıq, innovativ yanaşmaya əsaslanan dayanıqlı həll yollarının tətbiqi və sosial qruplar arasında dialoqun təmini labüddür. Dayanıqlılığın təşviqi üçün isə gələcək nəsillərin maraqlarının müdafiəsi, habelə gənclərin qlobal dəyişikliklərə öz töhfəsini verə biləcəyi platformaların mövcudluğu mühümdür:
“2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” bəyannaməsi universal sənəd olaraq, dövlətin bütün institutlarının iştirakını nəzərdə tutur və ölkə gündəliyində təxirə salınmaz tədbirlərin həyata keçirilməsində bütün cəmiyyətin iştirakını vacib edir. Parlament üzvlərinin Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla yerinə yetirilməsini dəstəkləmək və monitorinqini həyata keçirmək üçün konstitusiyaya əsaslanan məsuliyyətləri və imkanları vardır.
M.Əfəndiyev bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin seçilməsi gənclərin qlobal məsələlərdə aktiv iştirakını təmin edən əsas təşəbbüslərdən biridir. 2018-ci ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Dayanıqlı İnkişaf Məqsədləri üzrə 17 gənc səfir seçilib:
“Hazırda isə 2021-2023-cü illəri əhatə edəcək gənc səfirlər 300-ə yaxın gənc arasından seçilmiş və Azərbaycan Respublikasının baş nazirinin müavini, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun, BMT İnkişaf Proqramının və Gənclər və İdman Nazirliyinin rəhbərlərinin iştirakı ilə rəsmi təqdimat mərasimində ictimaiyyətə təqdim olunub”.
Millət vəkillərinin dayanıqlı inkişaf məqsədlərinin icrasında Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərlə əməkdaşlığı və gənclərə olan dəstəyi parlamentin iştirakçılığını təmin etməklə onun ikitərəfli beynəlxalq əlaqələrinə, beynəlxalq təşkilatlardakı fəaliyyətinə, eyni zamanda dövlət və fərd münasibətlərinin daha etibarlı və şəffaf idarəçiliyinə əlavə bir vasitə olacaq.
Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər, eyni zamanda ölkənin bir çox dövlət qurumları ilə birgə fəaliyyət göstərir və BMT tərəfindən rəsmi formada qeyd olunan günlərdə aktiv proqram və layihələr həyata keçirirlər.