Üçrəngli bayrağımızın 44 gün ərzində Cəbrayılda, Horadizdə, Füzulidə, Zəngilanda, Şuşada, 300-ə yaxın yaşayış məntəqələrimizdə və ən mühüm strateji yüksəkliklərimizdə dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaqdır. Doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının öz ərazi bütovlüyünü bərpa etməklə siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və yüksəltməyə imkan verəcəkdir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda mədəniyyət mərkəzi olmasını tez bir zamanda sübut edəcək. Eyni zamanda, bu rayonlar zəngin və tükənməz təbii ehtiyatları ilə beynəlxalq ticarət və turizm mərkəzinə çevriləcəkdir. Bu böyük tarixi zəfər münasibəti ilə Prezident cənab İlham Əliyevi müzəffər və şanlı ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirəm. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi. İnanıram ki, Azərbaycan xalqının birliyi nəticəsində işğaldan azad olunan bütün rayonlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən qurulacaq, bütün insanlar öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da inkişaf edib çiçəklənməsinə öz layiqli töhfələrini verəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev bir neçə gün əvvəl Mərkəzi Tibbi Klinikada müalicə olunan hərbi qulluqçularımızla görüşündə qeyd etdiyi kimi bu qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edilib tez bir zamanda sağalması və dinc həyata qayıtması üçün hər şeyi edəcəkdir. Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu!
Şuşanın alınmasıyla düşmənin beli qırıldı. Azərbaycan qoşunlarının Şuşanı işğaldan azad etməsindən sonra Ermənistanın Qarabağ müharibəsində təslim olması qaçılmaz oldu. Paşinyan Azərbaycanın bu müharibədəki hərbi qələbəsi səbəbindən təslim oldu və müvafiq bir siyasi razılaşma imzaladı. Strateji baxımdan əhəmiyyətli olan Şuşa şəhərinin azad olunması bu müharibədə dönüş nöqtəsi və Ermənistan ordusunun müqavimət göstərməsinin mənasız olması demək idi. Buna görə də Azərbaycan öz ordusu və Ali Baş Komandan İlham Əliyev sayəsində zəfər qazandı. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı bəyanat barədə açıqlamasında Prezident İlham Əliyevin gücü qarşısında aciz qaldığını etiraf edib. Bu bəyanatın imzalanmasının səbəblərindən birinin də tarixi qələbəmiz, Şuşanın işğaldan azad edilməsi olduğunu bildirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğulayıb ki, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandan İlham Əliyev səbirsizliklə gözlədiyimiz şanlı qələbə xəbərini xalqımıza çatdırdıqdan sonra yüzlərlə gənc, qadın, uşaq, yaşlı şəhərin küçə və meydanlarına çıxıb, bu şad xəbəri bir-biri ilə bölüşüb, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandan İlham Əliyevə sonsuz məhəbbət ifadə edən şüarlar səsləndirdilər. Bu coşqu dolu möhtəşəm mənzərə hər birimizə ruhi qida verməklə yanaşı, sarsılmaz birliyimizi parlaq təcəssüm etdirirdi. Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat regionda davamlı sülhə, əmin-amanlığa gətirib çıxaracaq və qan tökülməsinə son qoyacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda ən uzunmüddətli münaqişələrdən biridir və bu gün onun sona çatması, ilk növbədə, döyüş meydanında qələbə qazanan, çoxillik işğaldan azad olunmuş torpaqlarını geri qaytaran Azərbaycan xalqı üçün tarixi hadisədir. Azərbaycan Respublikasının bütün vətəndaşları dini-etnik mənsubiyyətindən asılı olmayaraq, doğma torpaqlarda ədalətin zəfər çalması və haqqın bərpası üçün birləşdilər. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.
Azərbaycan “artıq bəsdir” deyərək öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan xilas etmək üçün həyata keçirdiyi 44 günlük hərəkat çərçivəsində göstərdiyiniz qəhrəmanlıq və cəsarət təqdirəlayiqdir. Hərəkat 44 gündə bitdi, lakin bunun 44 il boyunca danışılacaq. Bu son dərəcə xoşbəxtikdir. Bu hərəkat bir oyanışdır. Çünki, Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi.
Aqibət Məmmədov
"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri