Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Sumqayıt şəhərində yerləşən SOCAR-a məxsus “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun 30 nömrəli Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində yanğın-taktiki təlim keçirib.
Təlimin keçirilməsində məqsəd yanğın yerində kəşfiyyatın operativ aparılması və yanğın vəziyyətinin qiymətləndirilməsi, yanğına çevik müdaxilə, qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sahəsində şəxsi heyətin bilik və bacarığının təkmilləşdirilməsi olub.
Təlim şərti olaraq 3 nömrəli “çağırışla” “Çənlərdə neft və neft məhsullarının yanğınının söndürülməsi” mövzusunda keçirilib. Təlimə DYMX Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvə və vasitələri və “Azərikimya” İB-nin müvafiq qrupları cəlb olunub.
Yanğın-taktiki təlim zamanı obyektdə şərti “yanğının” söndürülməsi ilə bağlı bütün zəruri tədbirlər görülüb, qarşıya qoyulan məqsədlərə nail olunub.
Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.