Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova beynəlxalq simpoziumda onlayn iştirak edib.
Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin təşkilatçılığı ilə keçirilən “Türküstandan Balkanlara türk sufizmi” beynəlxalq simpoziumunda dos. E.Əzizova “Türküstandan Balkanlara türk sufizmində Əhli-Beyt qadınları (məqtəli-Hüseynlər çərçivəsində)” mövzusunda məruzə edib.
E.Əzizova çıxışında türksoylu xalqların təsəvvüf mirasının ortaq tarixi-ədəbi növü olan məqtəli-Hüseynlərin inkişaf prosesini və Əhli-Beyt qadınlarının tnmsalında bu nümunələrin didaktik xüsusiyyətlərini təhlil edib.
Məruzəçi bu təhlillər əsasında türkdilli məqtəllərin ərəbcə və farsca olan nümunələri arasında qarşılıqlı müqayisə aparıb. Məqtəllərin, sadəcə, Kərbəla hadisəsi haqqında tarixi məlumat verən mənbə olmadığını bildirərək, əsrlərboyu təsəvvüf mühitində dövri olaraq oxunan bu əsərlərin həm də müsəlman cəmiyyətinə ideal insan amilləri aşılayan didaktik xüsusiyyətlər daşıdığını vurğulayıb.
E.Əzizova Kərbəla şəhidi Hüseyn ibn Əli başda olmaqla, Əhli-Beytin digər üzvlərinin, o cümlədən, qadın təmsilçilərinin nümunəsində məqtəllərin türksoylu xalqların kamil insan tipi formalaşdırmasında mühüm rol oynadığını bildirib.