Bu ilin sentyabrında İsmayıllının İvanovka kəndində karamel fabriki işə başlayacaq.
Bu barədə Demokrat.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov məlumat verib.
İcra başçısı bildirib ki, sözügedən müəssisədə 150 yaxın insan çalışacaq:
"Burada fəaliyyətə başlayandan bəri daha çox çalışıram ki, rayonda yeni iş yerləri açılsın, insanlarımız gedib işləsinlər, birinci növbədə şəhid ailələri və qazilərimiz işlə təmin olunsunlar. Allahın köməyi ilə bu istiqamətdə planlarımız davam edəcək. İsmayıllıda başqa iş yerləri də yaradılır. Artıq rayonumuzda boya zavodu işə başlayır, şəhid ailələrindən olan insanlar burada çalışırlar. Bu istiqamətdə işlər davam etdirilir".
Nahid Bağırov deyib ki, bu yaxınlarda "Coca-Cola" şirkətinin İsmayıllıya böyük investisiya yatırması rayonda yüzlərlə iş yerlərinin yaradılmasına səbəb olacaq:
"Belə bir böyük şirkətin İsmayıllıya gəlişi rayonun inkişafına təkan olacaq. İsmayıllının böyük turizm imkanları var və dövlətimiz bundan maksimum yararlanmalıdır. Son bir ildə İsmayıllıda fəaliyyət göstərən otellərin hər biri bayramlarda tam dolu olub. Rayona gələn turistlərin sayında ciddi artım var. İndi çalışırıq ki, İsmayıllının mirvarisi sayılan Qaranohur gölü ərazisini turistlərə tanıdaq, burada turizm inkişaf etdirilsin. Çünki Qaranohur gölü rayonun gələcək turizm mərkəzlərindən birinə çevriləcək.
Bundan əlavə, İsmayıllının mərkəzində, Heydər Əliyev Parkının ətrafında divarları rəsmlərdən ibarət olan küçə yaradırıq. Rəssamların da hər biri İsmayıllıdan olan istedadlı övladlarımızdır. Məqsədimiz odur ki, İsmayıllıya gələn turistlərdə maraq yaradaq".
Vaqif Hüseynli
Demokrat.az