Sizin reklam burada
Sizin reklam burada

ÖRNƏK İNSAN

ÖRNƏK İNSAN
ÖRNƏK İNSAN

Doğrudan da, hər bir insanın həyatı bir dünyadır. Vaxtlı, vaxtsız bu dünyaya gələn hər bir insanın öz tarixi, öz dünyası, öz ömür payı var. Keşməkeşli, burulğanlı, sevincli, kədərli dünyası... Dünyaya göz açdığı gün, ay, il... məkan... ata-ana..., bunlar hamısı insanın tarixidir, ömür yoludur. Belə götürəndə, baxırsan ki, hər şey yerli-yerində... Bəli, insanların tarixi belə başlayır, sonra da hər kəs böyüyüb bir kəs olur, bir fərd olur. Vəzifəli, vəzifəsiz, fəhlə və ya alim, fərqi yoxdur, bu kəslərin həyat fəaliyyəti və bunları özündə toplayan xırda, ya da böyük, yaxşı və pis əməlləri və əlbətə ki, yaşadığı dünyasının tarixi yazılır, sonra da tarixə dönür. Ona görə də insan gərək yaşadığı hər bir günün, anın qədrini bilsin. Biz insanlar görəsən həyatın qədrini bilirikmi? Məncə yox. Biz insanların çoxu həyatın qədrini, gözəlliyini, dadını, yaşamağın necə əziz bir nemət olduğunu çox gec anlayırıq. Elə insanlar var ki, işıqlı dünyaya göz açdığı gündən, daha doğrusu, özünü tanıdığı gündən nədəndirsə, ancaq yaxşı yaşamaq istəyir. Ömrü boyu çalışır ki, yaxşı, sağlam, rifahlı, rahat yaşasın. Ancaq elələri də var ki, yaxşı yaşamaq, rahat yaşamaq haqqında heç düşünmür, fikirləşmir də. Bütün bunlara baxmayaraq, ancaq ömrün elə anları da var ki, insan həmin anları bütün həyatı boyu xatırlayır, onunla yaşayır, fərəhlənir, əsla cah-cəlallı yaşamaq heç ağlına da gəlmir. Belə anlar çox vaxt hər bir kəsin taleyi, səadəti, gələcək müqəddəratı ilə ünvanlanır. Hər iki halda ömrün elə anları çox vaxt barmaqla sayılacaq qədər olur. Amma çox az insanlar var ki, ömrünün hər bir gününü mənalı, maraqlı, unudulmaz keçməsi üçün əlləşir, çalışır, hər zaman mübarizə aparır. O şəxslər ki, öz zəhmətləri ilə yüksəlirlər, onlar xalqın sevimlisinə çevrilirlər, sevilirlər, əsla unudulmurlar.
Həyatın boyu hər cür insanla rastlaşırsan, görürsən, neçə-neçə adamlarla tanış olur, oturub-durur, ünsiyyət qurursan, dostlaşırsan. Bu əlaqələr çoxları ilə uzun sürmür, sönür, tədricən yavaş-yavaş əriyib yox olur. Lakin müddətindən asılı olmayaraq, elə adamlarla tanış olursan ki, bu tanışlığın tərəfdaşlığa, dostluğa və get-gedə qardaşlığa qədər ucalır, monolitləşir, el içində sayılır, şəxsiyyətləşir.
Haqqında söhbət açdığım insanın görünən tərəfləri fiziki, daxili aləmi, xarakter dünyası haqqında söz açmaq mənim üçün bir qədər çətindir. Ona görə çətindir ki, o, insan ucadadır, hər bir insanın nümunə götürmək istədiyi örnəkdir. O insan heç vaxt yaxşı yaşayım, rahat yaşayım, firavan yaşayım, hər şeyim olsun, deməyib. Bəli, haqqında danışacağım dostumuz doğrudan da alidir, kamildir, bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirib. Ona görə də onun durduğu zirvəyə yaraşan, onun həqiqi ucalığını əks etdirən söz söyləməkdə, onun həyat yolunu işıqlandıraraq bir yazıda bütün parametrlərini açmaqda deyərdim ki, söz də aciz qalır. Onunla tanış olduqdan sonra onun xarici görünüşü ilə vəhdətdə olan daxili aləminin zənginliyi və mənəviyyatını duyub Ulu Yaradana şükr edir, bu saf, pak bəndəsi ilə tanışlığa görə minnətdarlığımı bildirirəm.
Güləli Fərziyev!
Bəlkə də bu ad çoxlarına tanışdır. Ancaq biz də öz növbəmizdə sizinlə onun həyat yoluna bir balaca ekskursiya etmək istəyirik. Güləli Fərziyev Şahhüseyn oğlu 1965- ci ilin fevral ayının 25-də Lerik rayonunun Banzavu kəndində dünyaya gəlib. 1972- ci ildə həmin kəndin səkkizillik məktəbinin birinci sinfinə gedib. 1982-ci ildə rayondakı internat məktəbində onillik təhsilini başa vurub. 1982-1983-cü illərdə XSU-da fəhlə işləyib. 1983-cü ildə ordu sıralarına çağırılıb. Hələ hərbi xidmətdə olarkən Dzerjinski adına hərbi akademiyaya daxil olub. Lakin o dövrdə Qorbaçov hakimiyyəti irqi münasibətlərə kəskin təsir etdiyindən Güləli Fərziyev də məktəbdən uzaqlaşdırılır.
Güləli müəllim 1985-1989-cu illərdə "İbtidai hərbi hazırlıq, bədən tərbiyəsi" ixtisası üzrə ali təhsil alaraq Lerikin Günəşli kəndinə təyinat alır, məktəbdə direktorun hərbi-vətənpərvərlik işləri üzrə müavini işləyir. 1992-ci ildə yenidən Bakı şəhərinə gəlir, Suraxanı rayonunda 146 sayda məktəbdə eyni vəzifəyə təyin edilir. Elə həmin ilin dekabrında da Suraxanı rayonu üzrə komendant tağımı komandiri vəzifəsinə təyin edilir. O dövrdən başlayaraq artıq mənfur düşmənimiz ermənilər bizimlə torpaq davası aparır, ərazilərimizi işğal edir, elan olunmamış müharibə aparırdılar. Bəli, birinci Vətən Müharibəsi gedirdi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin torpaqlarımızın müdafiəsi üçün etdiyi çağırışa cavab olaraq Güləli Fərziyev Nizami rayonundakı könüllü dəstəyə qoşulur və həmin taburun komandiri olur. Füzulinin Horadiz əmnəliyyatında xüsusilə fərqlənir. Ulu öndər Füzulidə olarkən komandanlıq G. Fərziyevi cəsur döyüşçü kimi Heydər Əliyevə təqdim edir. Ulu öndər ondan -rütbən nədir, deyə soruşur: -Baş leytenantlığa təqdim olunub, ancaq hələ ki, leytenentam, müharibə dövrü olduğu üçün bu rütbənin ulduzunu çiyinlərimə taxmaq fürsətim olmayıb, deyə Güləli Fərziyev Ulu öndərə cavab verir. Heydər Əliyev Güləli Fərziyevi xoş baxışlarla süzür, gülə-gülə deyir: -oğlum, sənin problemlərin artdı ki. Sən artıq çiyinlərinə daha çox ulduz taxmağa məcbursan. Sən bu gündən artıq kapitansan.
Umummilli lider səngərləri, blindajları gəzərkən gözləri oradakı lövhələrə sataşır və lövhədəki şeirlər, yazılar onun diqqətini cəlb edir. Və çevrilərək :siz nə gözəl divar qəzeti hazırlamısınız, deyir. Hətta burada şeir də var. Bu çətin şəraitdə bu şeiri kim yazıb? Ulu öndərə cavab verib deyirlər ki, şeiri də bütün döyüşlərdə əsl fədakarlıq göstərən cəsur döyüşçümüz Güləli Fərziyev yazıb. Hətta sizin gəlişiniz münasibətilə sizə də şeir yazıb. Müdafiə Naziri Güləli Fərziyev haqqında ağızdolusu xoş sözlər söyləyir. Ulu öndər: o şəxs kimdirsə, çıxsın qabağa, deyir. Bu an Güləli Fərziyev sıradan ayrılaraq iki addım qabağa çıxır. Məruzə etmək istəyərkən, Ulu öndər onu tanıyır, məruzəni saxla deyir. Sən hansı komissarlıqdan gəlmisən?- deyə ondan soruşur. Güləli Fərziyev Nizami rayon hərbi komissarlığından gəldiyini deyir. O zaman Ulu öndər ona: sən şeirini oxusan da, oxumasan da, bu gündən etibarən kapitansan, get ulduzlarını tax. Güləli Fərziyev Ulu öndərə təşəkkürünü bildirir və mən şair deyiləm, lakin vətənimə olan hisslərimi xoş duyğularala qələmə almışam, deyir. O, Güləli Fərziyevə şeirini oxumasını deyir. Güləli Fərziyev şeirini oxuyur və Heydər Əliyev onu bağrına basaraq öpür. Şeiri oxuyub qurtaran Güləli Fərziyevə komandir sıraya keçməsini deyəndə, Ulu öndər əlini Güləli Fərziyevin çiyninə qoyur. Ulu öndər Güləli Fərziyevə üzünü tutaraq, bu gündən bütün dövlət strukturlarının qapısı sənin üzünə açıq olmalıdır, çünki sən, Azərbaycanımızın, vətənimizin ən layiqli övladısan, deyir.
Ulu öndər həmçinin geniş nitq söyləyir, gənc əsgərləri vətənin müdafiəsinə ruhlandırır, onları əmin edir ki, arxalarında inamlı bir kütlə dayanıb. Sonra üzünü Müdafiə Nazirinə tutub deyir ki, bu nədir, Bakıda rütbə təqdimatı göbələk kimi artır, lakin ön cəbhədə bu kimi təqdimatlar gecikdirirlir? Yığışdırın bu cəfəngiyyatı! Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin, zabitin buna haqqı çatır. Siz gecələri evinizdə rahat yatırsınız, lakin bu igidlər gözlərini qırpmadan Vətənin keşiyində dururlar. Azərbaycan xalqı çox qəhrəmanlar yetişdirib, buradakı əsgər və zabitlər də onlardan biridir. Ulu öndər çıxışını tamamlayır, Güləli Fərziyevə sıraya dönməsini işarə edir. Tövsiyyə və tapşırıqlarını və göstərişlərini hərbi hissəyə verir.
Həmin gün Güləli Fərziyevin kapitan rütbəsinin təqdimatı olur. Ulu öndərin ön cəbhəyə səfəri əsgərlərdə və əhalidə böyük ruh yüksəkliyi, inam hissi yaradır və əsgərlərimiz bir nəfərə kimi hamısı silaha sarılırlar. Bu görüşdən ruhlanan Güləli Fərziyev daha da cəsurlaşır, daha da vətənpərvərlik hissini qabarıq şəkildə əyan edir. Cəsur əsgərlərimiz Güləli Fərziyevin əməliyyatlara komandanlıq etməsi ilə Füzulinin Qorqan kəndini işğalçılardan azad edirlər. Bu döyüşdən ermənilərə məxsus 1 ədəd BMP-2, 4 ədəd tank əleyhinə qranatamyot, 2 ədəd pulemyot, 14 ədəd avtomat qənimət olaraq ələ keçirirlir. Həmin uğurlu əməliyyatdan sonra Müdafiə Nazirliyinə Güləli Fərziyevin qəhrəmanlığı barədə təqdimat göndərilir. Bu əməliyyatdan bir neçə gün sonra isə 1994-cü il mayın 12-də sülhə çağırış məqsədilə "Bişkek protokolu", atəşkəs imzalanır.
Ali Baş Komandanın göstərişi ilə Güləli Fərziyev Ali Hərbi Dənizçilik Məktəbinə kurs rəisinin müavini vəzifəsinə təyin edilir. Güləli Fərziyev döyüş zamanı aldığı qəlpə və yaralar səbəbindən 1997-ci ildə ordudan tərxis olunur. Bir məsələni də xatırlatmaq yerinə düşər ki, Güləli Fərziyev ölkənin o vaxtkı iqtisadi durumunu nəzərə alaraq əlillik dərəcəsi təyin edilməsindən, həm də əlilliyə görə verilən müavinətdən imtina edir. Fikirləşir ki, ona ayrılan bu müavinət hansısa bir neçə yoxsul ailənin dolanışığını təmin edə bilər.
G. Fərziyev Nizami rayonunun 24 saylı birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Lakin millət vəkili kimi insanların, seçicilərinin hüquqlarını müdafiə etmək, onlara parlament kürsüsündən edə biləcəyi ən gözəl xeyirxahlıq kimi bu seçkilərdə tale üzünə gülməsə də, həmin il o, ən ümdə arzusunu reallaşdıraraq müqəddəs torpaqlara- Həcc ziyarətinə yollanır. İkinci dəfə 2010-cu ildə yenidən deputatlığa namizədliyini irəli sürür, bu dəfə də Rövnəq Abdullayevin xeyrinə öz namizədliyini geri götürür.
Güləli Fərziyev Nizami rayon veteranlar təşkilatının üzvüdür. Hazırda sahibkarlıqla məşğuldur. Ailəlidir, iki oğlu bir qızı var. Böyük oğlu Xəyyam Fərziyev də hərbçidir, bir zabit kimi ön cəbhədə xidmət edir, baş leytenantdır, aprel döyüşlərinin iştirakçısıdır. Qızı Məhəbbət Fərziyeva Bakı Dövlət Humanitar Kollecinin məzunudur. İkinci oğlu Xalid Xarkov Dövlət Eadio-elektronika Universitetinin məzunudur. Turizm sahəsində çalışır.
Bəli, bu yazımızla bir vətənpərvər Azərbaycan övladının həyat və fəaliyyəti ilə tanış olduq. Deyirlər, Tanrı hərəyə bir cür tale yazır. Kiminə yarımçıq, kiminə bol-bol. Əlbəttə, bu yaradanın öz işidir. Nə yazıbsa, o da olacaq. Ancaq bir məsələ var ki, onu necə yaşayırsan, bu ömür payını, onun sanılı günlərini hara sərf edirsən. Məsələ bundadır. Güləli Fərziyev bir vətənpərvər oğul kimi, içi yurd, vətən sevgisi ilə dolu olan insandır. Torpaqla, el-oba ilə nəfəs alır. Canını Vətən yolunda çətin, dəhşətli, təhlükələrin həniri ilə bərkitmiş Güləli Fərziyev Azərbaycanın bacarıqlı və səriştəli hərbçisi kimi öz bilik və bacarığını Vətən üçün sərgiləyib, hər zaman nümunə olub, örnək olub. Güləli müəllimin yaşadığı ömrü bu gün başqalarına nümunədir. Sözümüzün əvvəlində dediyimiz kimi, bu unsan cəmiyyətə yararlı, faydalı vətəndaş olaraq özünün insanlığını, Ana Vətənimiz Azərbaycana vətəndaşlıq borcunu layiqincə yerinə yetirdi. Güləli Fərziyev olaraq öz qəhrəmanlıq tarixini belə yazdı, bütün insani keyfiyyətləri özündə formalaşdırdı, şərəflə yaşadı, daxilindən gələn şövq-təbii zəngin mənəviyyatını özünün əməlləri ilə tarixdə qoydu.
Güləli müəllim bu gün xalqımız tərəfindən sevilir və dəyərləndirilir. O, dövlət rəhbərlərindən tutmuş bilik verdiyi tələbə-gənclərədək hamı ilə öz dilində danışmağı, xoş ünsiyyət qurmağı, ürəklərə yol tapmağı bacarır. Mənəviyyatı, həyatı, bənzərsiz xidmətləri ilə başqalarına nümunə olan Güləli müəllim haqqında deyilməli, yazılmalı o qədər mövzu var ki, bunu bir yazıda açmaq, əhatə etmək mümkünsüzdür.
Bütün bunlarla yanaşı, G. Fərziyev el-obasının xeyir-şərində də yaxından iştirak edir. Təlatümlü, mübarizəli və xalqa gərəkli bir ömür yaşayır, Güləli müəllim. Bu insanın ziqzaqlı ömür yollarını görəndə istər-istəməz özündən soruşmalı olursan: bu qədər çətinlik görəsən, yaşayasan və yenilməyəsən. Bu heç də asan deyil. Bu iradə, mətinlik onda haradan? Bütün müşahidə və bildiklərimə güvənərək belə cavab verərdim: Əqidə saflığından, insanlara güvənindən, kamil imanından, bir də doğma xalqına və vətəninə tükənməz məhəbbətindən!

TƏRANƏ CƏBİYEVA
Yazıçı-publisist

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ