Sizin reklam burada
Sizin reklam burada

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU


Həyatın ilk illəri uşaqlar üçün qayğı tələb edən dövrdür. Onların sağlam və təhlükəsiz böyüməsində isə tək valideynlərin deyil, həm də bütövlükdə cəmiyyətin üzərinə məsuliyyət düşür.
Ölkəmizdə 2024-cü il üzrə statistik məlumatlar isə bu sahədə hələ də ciddi problemlərin qaldığını göstərir.
Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə ölkədə 5 yaşına qədər 1745 uşaq həyatını itirib.
Maraqlıdır, ölüm hallarına səbəb hansı xəstəliklərdir?
Pediatr Günay Rəsulova Bizim.Media-ya açıqlamasında bildirib ki, neonatal dövrdə (ilk 28 gün) olan ölüm sayları ilk 5 yaşda ölüm sayında yer alır.
“Həyatla bir araya sığmayan qüsurlarla, ağır asfiksiya ilə doğulan, anadangəlmə irsi metabolik xəstəliklər, genetik sindromlar, yeni doğulan dövrün infeksiyaları, ağciyər çatışmazlığı, ağır anadangəlmə ürək qüsurları ilə doğulan uşaqlar ilk 5 yaşda ölüm sayında yer alır. Bundan başqa infeksiyalar da səbəb ola bilər, sepsis, ağciyər infeksiyaları kimi. Bundan başqa bəzi kəskin infeksiyaların ölümcül ağırlaşmaları ola bilər.
Eyni zamanda yanıq, boğulma və avtoqəza kimi travmalar uşaqlarda ölüm səbəbləri arasındadır”.
Bəs bunlar qarşısı alına bilən problemlərdirmi?
G. Rəsulova həmçinin qeyd edir ki, qarşısı alına bilən xəstəliklər də bu siyahıda yer alır:
“Travmalar və peyvəndlə qarşısı alınan infeksiyalar qarşısı alına bilən problemlərdir. Bəzi infeksiyalara, qızılca, ağır göyöskürəyi kimi infeksiyalara yoluxan uşaqlar var. Bunlar ölümcül infeksion xəstəliklərdir ki, peyvəndlə qarşısı alınır. Lakin peyvəndsiz uşaqlar bu xəstəliklərə yoluxarsa, ölümcül ola bilər”.
Pediatrın sözlərinə görə, hamiləlik dövründə bəzi testlərin aparılması, həyatla bir araya sığmayan problemlərin qarşısının alınması, yeni doğulan dövrdə ölümlərin sayını azalda bilər.

  • Sosial şəbəkədə paylaş