Almaniya hökuməti məcburi hərbi xidmətin bərpa olunacağı ehtimalını nəzərə alaraq alternativ mülki xidmətin yeni konsepsiyasını hazırlayır.
Bu barədə "Bild" qəzeti Almaniyanın Ailə, Təhsil, Yaşlılar, Qadınlar və Gənclər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hazırda ölkədə hərbi xidmət məcburi olmadığı üçün alternativ mülki xidmət də tətbiq edilmir. Lakin gələcəkdə məcburi çağırış bərpa olunarsa, müasir alternativ xidmət sistemi əvvəlcədən hazırlanmalıdır.
Bundan əvvəl Almaniya mətbuatı xəbər vermişdi ki, iyunun sonuna qədər hərbi xidmətdən imtina ilə bağlı müraciətlərin sayı 5,9 minə çataraq əvvəlki illərlə müqayisədə xeyli artıb.
Yeni hərbi xidmət qanunu könüllülərin sayının kifayət etmədiyi və ya təhlükəsizlik vəziyyətinin pisləşdiyi halda, 2011-ci ildə dayandırılmış məcburi hərbi xidmətin yenidən tətbiqinə imkan verir. Hakim Xristian Demokrat və Xristian Sosial İttifaqı (CDU/CSU) bloku tərəfindən bu məsələnin gələn il parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır.
Qeyd edək ki, Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə dayandırılıb. Bununla belə, 2026-cı ilin yanvarından etibarən 18 yaşlı gənclər üçün hərbi xidmətə hazırlıqla bağlı rəqəmsal sorğuların doldurulması məcburi edilib. 2027-ci ilin iyulundan isə 2008-ci il və sonrakı illərdə doğulan bütün kişilər tibbi müayinədən keçməli olacaqlar.

