Sizin reklam burada
Sizin reklam burada

Rusiyada narazılıq rekord həddə çatdı: Son 20 ilin ən bədbin SORĞUSU

Rusiyada narazılıq rekord həddə çatdı: Son 20 ilin ən bədbin SORĞUSU

Rusiyada əhalinin böyük hissəsi yaşadığı bölgədə iqtisadi vəziyyətin pisləşdiyini düşünür. Bu, son 20 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.

ABŞ-ın “Gallup” tədqiqat şirkətinin 2026-cı ilin mart-may aylarında keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 60 faizi yaşadığı şəhər və ya regionda iqtisadi vəziyyətin pisləşdiyini bildirib.

Şirkətin 2006-cı ildən apardığı analoji sorğular tarixində bu, ən yüksək göstərici hesab olunur. Bundan əvvəl rekord göstəricilər 2020-ci ildə 45 faiz, 2021-ci ildə isə 50 faiz olmuşdu.

Sorğu iştirakçılarının 27 faizi isə yaşadığı bölgədə iqtisadi vəziyyətin yaxşılaşdığını qeyd edib.

Araşdırma həmçinin göstərib ki, rusiyalıların həyat səviyyəsi ilə bağlı qiymətləndirmələri də mənfi istiqamətdə dəyişib. Respondentlərin 56 faizi həyat səviyyəsinin pisləşdiyini deyib ki, bu da son 20 ilin rekord göstəricisi sayılır. Həyat şəraitinin yaxşılaşdığını bildirənlərin payı 29 faiz olub.

Əmək bazarı ilə bağlı fikirlər də pisləşib. Sorğuda iştirak edənlərin 58 faizi hazırkı dövrü iş axtarmaq üçün əlverişsiz hesab edib, 35 faiz isə əks mövqe nümayiş etdirib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 46 və 49 faiz idi.

“Gallup”un hesabatında qeyd olunur ki, son bir ildə Rusiyada silahlı qüvvələrə, hökumətə və seçkilərə inam da nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, orduya etimad 79 faizdən 66 faizə, hökumətə etimad 67 faizdən 53 faizə, seçkilərin dürüst keçirildiyinə inam isə 56 faizdən 40 faizə enib.

Bundan başqa, ölkədə media azadlığının səviyyəsini müsbət qiymətləndirənlərin payı bir il ərzində 59 faizdən 34 faizə düşüb.

  • Sosial şəbəkədə paylaş