Dünyada urbanizasiya sürətlə davam etsə də, ən böyük şəhərlərin artım tempinin əvvəlki proqnozlardan daha tez zəifləyəcəyi ehtimal olunur.
Bu nəticə "Complexity Science Hub" və İsveçrənin Sürix Ali Texniki Məktəbinin (ETH Zurich) alimlərinin hazırladığı yeni araşdırmada ortaya çıxıb. Tədqiqatın nəticələri PNAS jurnalında dərc olunub.
Hazırda Yer əhalisinin təxminən 24 faizi əhalisi bir milyondan çox olan şəhərlərdə yaşayır. Müqayisə üçün qeyd olunur ki, 1975-ci ildə bu göstərici cəmi 11 faiz idi. Mövcud proqnozlara görə, yaxın 25 ildə daha bir milyard insan şəhərlərə köçəcək. Bu isə təxminən hər iki aydan bir yeni “Nyu-York”un yaranmasına bərabər hesab olunur.
Lakin yeni model fərqli mənzərə ortaya qoyub. Alimlərin hesablamalarına əsasən, XXI əsrin sonuna qədər planet əhalisinin təxminən 38 faizi milyonluq şəhərlərdə yaşayacaq. Bu göstərici əvvəlki hesablamalardan xeyli aşağıdır.
Araşdırmanın aparıcı müəllifi Andrea Mussonun sözlərinə görə, fərq təxminən 450 milyon nəfər təşkil edir ki, bu da ABŞ əhalisindən çoxdur. Başqa sözlə, əvvəlki modellərin meqapolislərə yönləndirdiyi yüz milyonlarla insanın gələcəkdə daha kiçik şəhərlərdə qalacağı ehtimal edilir.
Tədqiqat göstərib ki, şəhər sistemləri müəyyən “həyat dövrü” keçir. Urbanizasiyanın ilk mərhələlərində iri şəhərlər digər yaşayış məntəqələrindən daha sürətlə böyüyür. İş yerləri, universitetlər, xəstəxanalar və imkanlar əsasən burada cəmləşdiyi üçün əhali böyük şəhərlərə axın edir.
Alimlərin hesablamalarına görə, urbanizasiyanın hələ də davam etdiyi Asiya və Afrika ölkələrində 1975-2025-ci illərdə milyonluq şəhərlər orta şəhərlərlə müqayisədə təxminən 7,3 faiz daha sürətlə inkişaf edib.
Ancaq urbanizasiya yüksək səviyyəyə çatdıqca bu üstünlük azalır. Avropa, Şimali və Cənubi Amerikada son yarım əsrdə meqapolislər digər şəhərlərlə demək olar ki, eyni sürətlə böyüyüb.
Araşdırma müəllifləri bildirirlər ki, böyük şəhərlərin həm üstünlükləri, həm də mənfi tərəfləri var. Məsələn, milyonluq şəhərlərdə yaşayan insanlar tıxaclarda iki dəfədən çox vaxt itirir və bəzi yoluxucu xəstəliklərlə daha tez-tez qarşılaşır.
Eyni zamanda, iri şəhərlərdə innovasiya aktivliyi üç dəfədən çox, əmək məhsuldarlığı isə təxminən iki dəfə yüksək olur. Buna görə də meqapolislərin inkişafı uzun müddət iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri hesab olunub.
Araşdırmanın ən maraqlı nəticələrindən biri isə urbanizasiya proseslərinin dünyanın müxtəlif bölgələrində düşündüyümüzdən daha oxşar olmasıdır. Alimlər hesab edir ki, şəhərlərin bu universal inkişaf modelini anlamaq gələcəkdə yaşayış, nəqliyyat, enerji və iqlim dəyişikliklərinə uyğunlaşma planlarının daha dəqiq hazırlanmasına imkan verəcək.
