Cənubi Qafqazda sülh gündəliyinin müzakirə olunduğu bir vaxtda tarixə qovuşan Qarabağ münaqişəsini xatırladan addımlar diqqət çəkir. Belə ki, Rusiyanın Stavropol diyarının Yesentuki şəhərində Xankəndidəki məşhur “Biz və dağlarımız” abidəsinin surəti açılıb. Bu təşəbbüs mədəni tədbir kimi təqdim edilsə də, onun keçmiş münaqişə ilə bağlı mesajlar verdiyi barədə fikirlər səslənir.
Regionda sülh prosesinin davam etdiyi bir vaxtda separatizmi simvolizə edən simvolların yenidən gündəmə gətirilməsində məqsəd nədir?
Deputat Aydın Hüseynov deyib ki, abidənin surətinin açılması regionda müxtəlif suallar doğurur:
“Düzdür, tədbir mədəni layihə kimi təqdim olunub, amma onun zamanlaması və simvolik məzmunu diqqət çəkir. Bu gün Cənubi Qafqazda tamamilə yeni siyasi reallıq formalaşıb. Qarabağ münaqişəsi başa çatıb, separatçı qurum fəaliyyətini dayandırıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqlar davam edir. Regionun əsas gündəliyini isə nəqliyyat əlaqələrinin açılması, iqtisadi əməkdaşlıq və yeni kommunikasiya layihələri təşkil edir. Belə bir addımın məhz Ermənistanda mühüm siyasi proseslərin getdiyi dövrə təsadüf etməsi təsadüfi görünmür. Bu gün Ermənistanda seçkiqabağı mühit formalaşır və revanşist qüvvələr yenidən fəallaşmağa çalışırlar. Məhz buna görə separatizmi və keçmiş münaqişə dövrünü simvolizə edən rəmzlərin gündəmə gətirilməsi müəyyən siyasi məqsədlərə xidmət edən addım kimi qiymətləndirilməlidir. Belə təşəbbüslər bir tərəfdən Ermənistanın hazırkı hakimiyyətinə və onun yürütməyə çalışdığı siyasi kursa təzyiq göstərmək, digər yandan isə revanşist dairələri səfərbər etmək cəhdi kimi görünür”.
Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində mühüm irəliləyişlər müşahidə olunur:
“Regionda kommunikasiyaların açılması, yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və uzunmüddətli sabitliyin formalaşması perspektivi artıq daha real görünür. Lakin bu proseslərdən narahat olan qüvvələrin də mövcudluğu sirr deyil. Məhz buna görə zaman-zaman köhnə münaqişə və separatizm simvolları yenidən dövriyyəyə buraxılır, regionda yaranan müsbət dinamikanı zəiflətməyə cəhd edilir.
Bu cür addımların əsas məqsədi regionda gedən sülh prosesinə kölgə salmaq, Ermənistandakı daxili siyasi proseslərə təsir göstərmək və revanşist dairələrin mövqelərini gücləndirməkdən ibarət görünür. Halbuki belə yanaşmalar nə sülhə, nə regional sabitliyə, nə də Ermənistanın gələcək inkişafına xidmət edir. Əksinə, bu cəhdlər Ermənistan cəmiyyətini yenidən köhnə qarşıdurma düşüncəsinə qaytarmaq, ölkəni perspektivsiz və təhlükəli siyasi bataqlığa sürükləmək riskini artırır. Regionun gələcəyi isə revanşizmdə deyil, əməkdaşlıqda, qarşılıqlı etimadda və davamlı sülhdədir”.
Politoloq Tofiq Abbasov isə bildirib ki, separatizm ideyası Azərbaycan reallığında tam məğlubiyyətə uğradı:
“Azərbaycan bu təcrübə ilə separatizm təhlükəsi ilə üzləşən və ya üzləşə biləcək digər dövlətlər üçün də nümunə ortaya qoydu. Göstərdi ki, belə meyillərin qarşısını almaq və onları gündəmdən çıxarmaq mümkündür. Bu gün həmin simvolların yenidən ortaya çıxması təsadüfi deyil. Ermənistanda seçkilər ərəfəsində daxili siyasi mübarizə getdikcə sərtləşir. Belə dövrlərdə feyklər, yalanlar, iftiralar və müxtəlif təxribatlar siyasi mübarizənin alətinə çevrilir. Qara piar və psixoloji təzyiq üsullarından istifadə siyasətdə yeni deyil. Ermənistanın daxili vəziyyətinə nəzər saldıqda görünür ki, bəzi qüvvələr artıq tarixin arxivinə göndərilmiş separatizm ideyalarını yenidən diriltməyə çalışırlar. Bu sırada Robert Köçəryan, Samvel Karapetyan və onlara yaxın çevrələr yer alır. Onlar gələcəyə keçmişin alətləri ilə getmək istəyirlər. Lakin bu yanaşmanın uğur qazanacağı inandırıcı görünmür. Ermənistan cəmiyyətinin böyük hissəsi artıq anlayır ki, Köçəryan və Serj Sərkisyan hakimiyyəti illərində ölkə ciddi şəkildə geridə qalıb. Həmin dövrdə böyük resurslar səmərəsiz istiqamətlərə yönəldilib və nəticədə Ermənistan bu gün də özünü beynəlxalq müstəvidə istədiyi səviyyədə ifadə etməkdə çətinlik çəkir”.
Politoloq əlavə edib ki, müxalif qüvvələr köhnə və təsirini itirmiş ideoloji vasitələrdən istifadə etməyə çalışaraq Qarabağdan köçmüş erməniləri yenidən siyasi gündəmin mərkəzinə çıxarmaq istəyirlər:
“Məqsəd onların vəziyyətindən siyasi alət kimi istifadə etməkdir. Lakin Ermənistan hakimiyyətinin son açıqlamaları fərqli mənzərə ortaya qoyur. Bir neçə gün əvvəl parlamentin sədri Alen Simonyan bildirib ki, Qarabağdan gələn ermənilər öz vətənlərində, yəni Ermənistanda yaşayırlar və dövlət onlar üçün şərait yaradır. Bu yanaşma göstərir ki, Ermənistan daxilində iki fərqli xətt formalaşıb. Bir tərəf ölkəni yenidən keçmişə qaytarmağa çalışır, digər qrup isə anlayır ki, köhnə yük və köhnə ideologiyalarla gələcəyə getmək mümkün deyil. Nikol Paşinyan hakimiyyəti və ona yaxın siyasi çevrələr bölgədə sabitlik üçün Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini anlayırlar. Onlar həmçinin başa düşürlər ki, Azərbaycan Ermənistan üçün kommunikasiya, tranzit və iqtisadi əməkdaşlıq baxımından mühüm imkanlar yaradır. Buna görə də yeni reallıqlara uyğun siyasət yürütməyin vacibliyi getdikcə daha aydın görünür”.
Ekspertin sözlərinə görə, diaspor təşkilatları və bəzi xarici strukturlar isə köhnə simvollardan istifadə etməklə həm öz fəaliyyətlərini əsaslandırmağa, həm də siyasi dividend qazanmağa çalışırlar:
“Lakin bu cəhdlərin real nəticə verəcəyinə inanmaq çətindir. Çünki həmin simvollar artıq əvvəlki təsir gücünü itirib. Azərbaycan isə fərqli yanaşma nümayiş etdirir. Bakının mərkəzində yerləşən erməni kilsəsi qorunub saxlanılıb, tarixi və dini abidələrə toxunulmayıb. Ermənistanda isə azərbaycanlılara məxsus çoxsaylı tarixi-mədəni irs nümunələri dağıdılıb və ya məhv edilib. Fərq də məhz bundadır. Bir tərəf dağıdır, digər tərəf isə qurur və yaradır. Azərbaycanın yanaşması tikmək, inkişaf etdirmək və gələcək nəsillər üçün iz qoymaq üzərində qurulub”.

