Aparıcı süni intellekt sistemləri mümkün dünya müharibələrinin 95 faizində nüvə silahından istifadə ediləcəyini proqnozlaşdırır.
Bu barədə "New Scientist" nəşri məlumat yayıb.
Məlumata görə, "OpenAI", "Anthropic" və "Google" şirkətlərinə məxsus modellər 21 simulyasiya ssenarisi üzrə "müharibə oyunu" keçirib. Süni intellekt sistemləri qəbul etdikləri qərarları əsaslandırmaq üçün ümumilikdə 780 min söz həcmində izah təqdim ediblər.
Təhlillər göstərib ki, heç bir model rəqibə tam uyğunlaşmaq və ya təslim olmaq qərarı verməyib. Onlar yalnız müəyyən mərhələlərdə zorakılığın səviyyəsini müvəqqəti azaltmağa nail olublar. Əksər ssenarilərdə isə eskalasiya nəticə etibarilə nüvə silahından istifadəyə gətirib çıxarıb.
Prinston Universitetinin tədqiqatçıları bildiriblər ki, böyük dövlətlər artıq bu tip simulyasiyalarda süni intellektdən istifadə edirlər. Lakin həmin sistemlərin real siyasi və hərbi qərarların qəbulunda nə dərəcədə nəzərə alındığı hələ də məlum deyil.
