Əfqanıstan ərazisinə nəzarət edən "Taliban" təşkilatı qadınlara qarşı zorakılığı faktiki olaraq qanuniləşdirən yeni qanunvericilik aktını qüvvəyə mindirib.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Qruplaşma tərəfindən açıqlanan yeni cinayət məcəlləsinə əsasən, ərlərə, ciddi xəsarətlərə səbəb olmamaq şərti ilə, öz həyat yoldaşlarına qarşı fiziki güc tətbiq etməyə icazə verilir.
"Taliban"ın ali lideri Heybətullah Axundzadə tərəfindən təsdiqlənən və 90 səhifədən ibarət olan bu məcəllə, hüquqpozucunun sosial statusundan asılı olan fərqləndirilmiş cəza sistemi tətbiq edir.
Məcəllənin 9-cu maddəsi Əfqanıstan cəmiyyətini dörd kateqoriyaya bölür: din xadimləri (üləmalar), elita nümayəndələri (əşraflar), orta təbəqə və əhalinin aşağı təbəqələri.
Ekspertlərin fikrincə, belə bir təsnifat iyerarxik sistem yaradır ki, burada mahiyyət etibarilə "azad insanlar" və "qullar" bölgüsü bərpa olunur, qadınlar isə faktiki olaraq qullara bərabər tutulur.
Məcəllənin mətnində "qul sahiblərinə", xüsusən də ərlərə, həyat yoldaşlarına və ya tabeçiliyində olanlara qarşı cismani cəza tətbiq etməyə icazə verən müddəalar yer alıb.
Bununla yanaşı, əgər cinayət ruhanilər və ya elita nümayəndəsi tərəfindən törədilibsə, cəza yalnız xəbərdarlıq və ya məhkəməyə çağırışla məhdudlaşır.
Orta təbəqənin nümayəndələri üçün analoji hüquqpozma həbs cəzasına səbəb ola bildiyi halda, "aşağı təbəqə" üçün həm cismani cəzalar, həm də həbs nəzərdə tutulub.
"De Mahakumu Jazaai Osulnama" adlı cinayət məcəlləsi artıq ölkənin məhkəmə instansiyalarına göndərilib və Əfqanıstan hüdudlarından kənarda hüquq müdafiəçiləri ilə fəalların kəskin tənqid və hiddətinə səbəb olub.
