Alimlər bir planetin ömrünü müəyyən edən amilləri araşdırıblar.
Planetlərin həyatı gənc ulduzların ətrafındakı toz zərrəciklərinin nəhəng toqquşmalar nəticəsində birləşməsi ilə başlayır. Lakin bir planetin sonunu müəyyənləşdirmək, onun yaranmasını izah etməkdən daha mürəkkəbdir.
"Livescience"ın məlumatına görə, elmi dünyada bir planetin yox olması ya fiziki olaraq tam parçalanması, ya da üzərindəki yaşana bilən şəraitin qalıcı şəkildə dəyişməsi kimi qəbul edilir. Yer nümunəsinə baxdıqda, planetimizin taleyinin birbaşa Günəşin təkamülü ilə bağlı olduğu görünür. Təxminən 5 milyard ildən sonra Günəş yanacağını tükədib qırmızı nəhəngə çevrildikdə, Yer əvvəlcə okeanlarının buxarlanması ilə yaşanmaz hala gələcək, daha sonra isə genişlənən Günəş tərəfindən udulmaq və ya kosmosa savrulmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Kainatın ümumi mənzərəsində isə Yerin ömrü əslində kifayət qədər qısa sayılır. Kosmosdakı ulduzların böyük hissəsini təşkil edən qırmızı cırtdanlar Günəşdən xeyli yavaş yanacaq sərf etdikləri üçün trilyonlarla il mövcud ola bilirlər. Bu ulduzların ətrafındakı qayalı planetlər daxili istiliklərini və geoloji aktivliklərini on milyardlarla il qoruyub saxlaya bilirlər. Bu isə kainatda Yerdən xeyli uzun müddət mövcud olacaq dünyaların mövcud olduğunu göstərir.
Planetlərin son taleyi bəzən böyük toqquşma, bəzən isə orbitdən çıxaraq qalaktikanın dərinliklərində sonsuz qaranlığa sürüklənmək olur. Bir planetin mövcudluğuna son nöqtəni qoyan əsas həqiqət isə kainatın öz sonunun necə gələcəyi ilə bağlı nəzəriyyələrdə hələ də gizli qalır.
