Avropanın ən böyük limanı olan Rotterdam limanı NATO-nun hərbi ləvazimatlarını daşıyan gəmiləri qəbul etmək üçün təlimlər keçirərək Rusiya ilə potensial müharibəyə hazırlaşır.
Bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Liman idarəetmə şirkətinin rəhbəri Baudouin Simons bildirib ki, Rotterdam Britaniya, Amerika və Kanada nəqliyyat vasitələri və yüklərinin gəlməsi halında Antverpen limanı ilə koordinasiya edir.
"Hər bir terminal hərbi yüklərin daşınması üçün uyğun deyil. Əgər böyük həcmdə hərbi yükləri göndərməli olsaq, Antverpen və ya digər limanlara üz tutardıq və ya əksinə", - o bildirib.
Nəşrin qeyd etdiyi kimi, Niderland digər NATO ölkələri kimi müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağı öhdəsinə götürüb və ölkənin müdafiə nazirliyi mayda bildirib ki, Rotterdam limanı NATO-nun tələbi ilə hərbi yükləri qəbul edə bilməlidir. Simons qeyd edib ki, belə bir ssenariyə hazırlıq çərçivəsində gəmilər bir neçə dəfə limana yanaşacaq və eniş təlimləri də keçiriləcək.
