“Çelsi” yarımmüdafiəçi Morqan Rocers üçün “Aston Villa” ilə şifahi razılığa gəlib.
Bu barədə “The Athletic”in jurnalisti və insayder David Ornşteyn sosial media hesabında bildirib.
Mənbənin məlumatına görə, Birmingem klubu londonluların 117 milyon funt sterlinq (137 milyon avro) təklifini qəbul edib. Yarımmüdafiəçinin “mavilər”lə altı illik müqavilə imzalaması gözlənilir. O, bazar ertəsi tibbi müayinədən keçəcək.
Ötən mövsüm Rocers “Aston Villa”da bütün turnirlərdə 55 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 90 milyon avrodur.

