Növbəti mövsüm futbol üzrə I Liqada yarışacaq “İrəvan” problemlə üzləşib.
Oxu.Az xəbər verir ki, komandanın futbolçuları ilə klub rəhbərliyi arasında vəziyyət gərgindir.
Məsələ ondadır ki, “İrəvan” futbolçulara vədlər verərək onlara “ağ müqavilə”yə imza atdırıb. Yəni sözləşmədə məvacibin məbləği qeyd olunmayıb. Bu isə sonradan oyunçuların narazılığına səbəb olub.
Komanda yeni mövsümə hazırlıq çərçivəsində bu gün “İmişli” ilə yoxlama oyunu keçirməlidir. Futbolçuların bir neçəsi mövcud vəziyyətə etiraz olaraq oyuna çıxmaq istəmir. Daha əvvəl bəzi oyunçular artıq komandanı tərk ediblər.
Baş məşqçi Elbrus Məmmədov da “İrəvan”da qalmaq istəmir. Düzdür, o, hələ də vəziyyətin düzələcəyinə ümidini itirməyib. Lakin bu, tezliklə reallaşmasa, mütəxəssis postundan ayrılmağı düşünür.