Müasir, müstəqil Azərbaycan dövləti bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, Onun qətiyyəti və uğurlu siyasəti, xalq-iqtidar birliyi sayəsində mümkün olub.
Dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtəsi hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. 21 noyabr 1992-ci il tarixi Azərbaycan ictimai-siyasi həyatının ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyası yaranıb. Məhz, 32 il əvvəl xalqın ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb.
1990-cı ilin əvvəllərində eyni situasiya və problemlə qarşılaşan mübariz xalqımız, lider fenomeni, xalq-iqtidar birliyinin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük Zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır. Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri – Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.
Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə bildirmişdi. Zaman Ümummilli Liderin inamının, xalqın böyük etimadının özünü tam doğrultmasına şahidlik etdi. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla - yüksələn xətt üzrə davam edir. Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiya və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Bu gün yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir, onun beynəlxalq aləmdə nüfuzunu artırır və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyi ilə əlaqədar nəzərdə tutulan bütün tədbirlər YAP-ın ötən dövrdə keçdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən siyasətinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi və digər istiqamətlərdə böyük önəm daşıyır. Ali Baş Komandanın dəfələrlə yüksək tribunalardan səsləndirildiyi kimi, yeni Azərbaycan gerçəkliyini yaratmış, yaradılmasının 32-ci il dönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Ümummilli Liderin rəhbərliyi ilə təsis edilmiş, bu gün qalib xalqın qalib Lideri İlham Əliyevin təşəbbüsləri ilə inkişaf edən YAP ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq. Ona görə ki, Ümummilli Liderin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır! Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Yeni Azərbaycan Partiyası gündən–günə tərəfdarlarının, üzvülərinin sayını artırır. Bu bir daha təsdiq edir ki, ətrafında 700 mindən çox üzvü birləşdirən YAP xalqın istək və arzularından doğan, xalqı rifaha, xoşbəxt gələcəyə aparan partiyadır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, YAP avanqard siyasi partiya olaraq Azərbaycanı daha böyük uğurlara, möhtəşəm qələbələrə aparacaq. Bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli tarixi yol əbədi olacaq. Cəmiyyətimizin ən ləyaqətli və şərəfli nümayəndələri sayılan partiyamızın üzvlərini, bütün Azərbaycan xalqını əlamətdar gün münasibəti ilə təbrik edirəm!
Asif İsmayılov,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin aparat rəhbərinin müavini