“Sevindirici haldır ki, Vətənə medalsız qayıtmadıq”.
“Report”un məlumatına görə, bunu Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında cüdo üzrə Azərbaycan yığmasının heyətində komanda yarışlarında bürünc medal qazanmış Elcan Hacıyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
90 kq-da mübarizə aparan idmançı görüşlərin gərgin keçdiyini bildirib:
“İlk rəqibimiz ABŞ idmançıları idi. Onlara 3:1 hesabı ilə qalib gəldik. 81 kq-da çıxış edən Məhərrəm İmamverdiyev cərimə xalı aldığı üçün yarışdan kənarlaşdırıldı. Nəticədə 4 nəfərlə güləşməli olduq. İkinci görüşdə Fransa təmsilçiləri ilə üz-üzə gəldik. Bizim üçün prinsipial duellərdən biri idi. Bu kollektivi də eyni hesabla üstələdik. Yarımfinalda Özbəkistana minimal hesabla uduzduq. Üçüncü yer uğrunda qarşılaşmada isə Monqolustan idmançıları üzərində qələbə qazanaraq 3-cü yeri tutduq”.
Hacıyevin sözlərinə görə, komanda yarışlarında fəxri kürsüdə Asiya ölkələri olub:
“Avropadan yalnız Azərbaycan var idi. Bu da bizim üçün qürur hissidir. Səhvlərimizin üzərində işləyib gələcəkdə “bürünc”ü “qızıl”a çevirəcək və bayrağımızı dalğalandıracağıq”.