“Bu, bizim üçün çətin oyun idi. İlk matç da çətin idi. Amma bu dəfə qələbəni nisbətən daha rahat əldə etdik”.
Oxu.Az xəbər verir ki, bunu Fransa “Marsel”inin baş məşqçisi Xorxe Sampaoli “Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis Qurban Qurbanovun qarşılaşmadakı feyr-pley nümunəsi göstərdiyini xatırladıb:
“Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Qurban Qurbanov ləyaqətli hərəkət etdi. Buna şərh verə bilmirəm, sadəcə, onun yerində olmaq istərdim. Ona həsəd apardım”.
Sampaoli məşqçi karyerasında belə halla rastlaşmadığını bir daha diqqətə çatdırıb: “Belə şey mənim başıma gəlsəydi, hakimin qərarına təsir etməzdim və qolu qeyd edərdim. “Qarabağ”ın Konfrans Liqasındakı digər matçlarını da izləmişəm. Komanda hər iki matçdan bizdən üstün idi. Yalnız oyunçuların fərdi ustalığına görə qələbə əldə etdik”.
Argentinalı mütəxəssis qapıçı Stiv Mandandanın görüşün ən yaxşısı hesab etdiyini sözlərinə əlavə edib.