Sizin reklam burada
Sizin reklam burada

Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları

Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən dövlət başçısı dağ-mədən səyesinin inkişafı ilə bağlı mühüm məqamlara toxunub. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramının ilk dəfə ictimaiyyətə açıqlanacağını deyən Prezident vurğulayıb ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir: “Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.

Uğurlu təcrübə

Bu sahənin ən önəmli perspektivlərindən biri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılmasıdır. Dövlət proqramının qəbulu o deməkdir ki, bu sahə qısa müddətdə Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq. Təcrübə də bunu təsdiq edir, çünki indiyə qədər bir sıra istiqamətlər üzrə dövlət proqramları qəbul edilib və uğurla icra olunub, hazırda eyni siyasət davam edir. 2004-cü ildə qəbul edilmiş Birinci Dövlət Proqramı bunun ən önəmli nümunələrindəndir. Bundan sonra bir neçə beşillik proqram qəbul edilib. 20 il ərzində regionlarda əsas infrastruktur layihələri icra edilib və bu işlər bu gün də davam edir. Xəstəxana, məktəb, avtomobil yolları, dəmir yolları və hava limanları uğurla inşa edilib.
Bir vaxtlar xaricdən təbii qaz və elektrik enerjisi alan Azərbaycanda qazlaşmanın səviyyəsi 96 faizə çatıb, 25 milyard kubmetrdən çox qaz ixrac edilir. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub, güclü potensial yaradılıb. Dünya bazarlarında enerji resursları ilə bağlı problemlər fonunda görülən işlər Azərbaycanı böyük problemlərdən sığortalayıb. Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

Son vaxtlar regionların sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrində bir sıra dövlət proqramları qəbul edilib. Bu proqramlar ölkə iqtisadiyyatını gücləndirəcək, vətəndaşların sosial vəziyyətini yaxşılaşdıracaq və müasir infrastrukturla təmin olunmasını təmin edəcək. Qəbul edilmiş proqramlar qeyri-neft sahəsində artımı daimi və uzunmüddətli edəcək.

Dövlət proqramlarının uğurla icrasının əsas səbəbi məhz Prezident İlham Əliyevin verilən tapşırıqların icrasını, qoyulan hədəflərə çatmaq istiqamətindəki işləri birbaşa diqqətdə saxlamasıdır. Bu baxımdan, dağ-mədən sənayesi üzrə dövlət proqramının da eyni uğurla icra ediləcəyinə əminlik var.

Qeyri-neft sektorunun inkişafı: 5 min daimi iş yeri açılır

Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət daşıyan dövlət proqramının gündəliyində regionların sosial-iqtisadi inkişafı əks olunur. Proqramın icrası ilə yeni və müasir sənaye istiqaməti yaradılacaq. Ən vacib məqamlardan biri də 5 min daimi iş yerinin açılacağıdır. Prezident İlham Əliyev 4 il ərzində icra edilməsi tapşırığını verib. Gözləntilərə görə, proqramın icrası nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda məşğulluq sürətlə artacaq, ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil olacaq, həmçinin, güclü ixrac potensialı yaradılacaq.

Dövlət başçısı bildirib ki, bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik.

“Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik. Yekun olaraq bu bizə nə verəcək? Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir”- dövlət başçısı qeyd edib.

Dağ-mədən sənayesinin inkişafına nələr mane olub?

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı indiyədək zəif olub. Bu da səbəbsiz deyil. Başlıca amil torpaqlarımızın işğal altında olması idi. Çünki sovet dövründə aşkar edilmiş bir çox yataqlar işğal altında olan ərazilərdə yerləşirdi və işğal dövründə Ermənistan tərəfindən talanırdı. İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib, İkinci Qarabağ müharibəsindən sonra isə yandırılıb. Qızıl, mis, molibden yataqları talan edilib.

44 günlük müharibədən sonra Kəlbəcər və Laçını tərk edən erməni silahlı qüvvələrinin törətdikləri bunun son nümunələrindəndir. Prezident İlham Əliyev də bilirib ki, həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar: “Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur”.

Yataqların təhlili: növbəti istiqamət Avropadır

Dövlət proqramına əsasən, azad edilmiş ərazilərdə, ilk növbədə Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis, molibden yataqlarının istismara hazırlanması üçün konkret mexanizmlər tətbiq olunacaq. Ağdərədə işlərə artıq başlanılıb, Kəlbəcər və Zəngilanda yaxın gələcəkdə start veriləcək. Sovet dövründən 40 il keçib və məlumatlar köhnəlib, buna görə mövcud yataqlar müasir geoloji üsullarla yenidən təhlil ediləcək. Qonşu rayonlarda da böyük təbii resursların mövcudluğu ehtimal edilir, kəşfiyyat işlərinə start verilib. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri gələn ildən başlayacaq. İşlər iki istiqamətdə aparılacaq: dövlət xətti ilə (“AzerGold”) və özəl sektorun (o cümlədən xarici investorların) iştirakı ilə.

Dövlət başçısı vurğulayıb ki, əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl - zənginləşdirmə və emal zənciri yaradılmalıdır: “Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar”.

Prezident növbəti istiqamətin Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonundakı “Filizçay” polimetal yatağı olduğunu bəyan edib: “Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir”. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.

Dağ-mədən sənayesinin inkişafı üçün ən mühüm addımlardan biri Prezident İlham Əliyevin Qərb Sənaye Parkının yaradılması haqqında Fərman imzalamasıdır. Əsas məqsəd dağ-mədən sənayesinin inkişafıdır, xüsusilə “Daşkəsən” filiz yatağı və ətraf layihələr prioritetdir. Qərb Sənaye Parkının yaradılması zərurəti də bu layihələrindən icrasından irəli gəlib.

Prezident İlham Əliyev çıxışında mühüm tapşırıqlar verib və hədəfləri müəyyənləşdirib.

1. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodları yaradılmalıdır.
2. Filizin daşınması tariflərində güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun.
3. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir.
4. Alüminium istehsalı 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılmalıdır. Bununla bağlı bir neçə zavodun yaradılması nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş