Türkiyənin “TAYFUN Blok-3” raketinin uğurlu sınağı Yunanıstanda təşvişə səbəb olub.
Yunanıstanın “Defence Review” nəşri bu barədə məqalə dərc edib.
Bildirilib ki, hipersəs sürətinə malik raket uzun mənzildə ilk dəfə hərəkətdə olan suüstü hədəfi dəqiq vuraraq məhv edib.
Nəşrə əsasən, “TAYFUN” artıq təkcə quru hədəflərinə qarşı istifadə olunan ballistik raket deyil, həm də dəniz hədəflərini məhv edə bilən silaha çevrilir. Bu xüsusiyyətin Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün ciddi təhlükə yaratdığı və ölümcül təhdid olduğu vurğulanıb.
Məqalədə bildirilib ki, hərəkətdə olan gəmini ballistik raketlə vurmaq yüksək texnoloji imkanlar tələb edir və bunu bacaran ölkələrin sayı çox azdır. Türkiyənin bu sahədə əldə etdiyi uğur müdafiə sənayesində artan texnoloji müstəqilliyin göstəricisi kimi qiymətləndirilib.
Qeyd edilib ki, qurudan hərəkətdə olan döyüş gəmisini vura bilən raket Türkiyəyə mühüm strateji üstünlük qazandırır.
