İranın nümayəndə heyəti dondurulmuş aktivlərin blokdan çıxarılması məsələsini Qətər rəsmiləri ilə müzakirə etmək məqsədilə iyulun 1-də Dohaya səfər edə bilər.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
"Çox güman ki, sabah Dohada dondurulmuş İran aktivlərinin sərbəst buraxılması ilə bağlı Qətər tərəfi ilə danışıqlar aparılacaq", - deyə sözçü bildirib.
Bəqainin sözlərinə görə, artıq bütün lazımi hazırlıq tədbirləri görülüb və Tehran bu istiqamətdə irəliləyişin əldə olunacağına ümid edir.
Qeyd edək ki, bir müddət əvvəl Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari İranın 6 milyard dollar dəyərində olan aktivlərinin sanksiyalardan azad olunması prosesində tərəflərin hələlik heç bir nailiyyət əldə etmədiyini açıqlamışdı.

