Ermənistanda seçkilərin başa çatması fonunda hələlik ölkədə ümumən sakitlik hökm sürür. Müxalifət indilikdə seçki nəticələrinə hər hansı bir reaksiya sərgiləməyib. Prosesin sonrakı gedişində hansı addımların atılacağı isə qaranlıq olaraq qalır.
Seçkinin son nəticələri iyunun 14-də bəyan ediləcək. Nəticələrdən narazı qalanlar isə iyunun 19-dək bu barədə müvafiq qurumlara müraciət edə bilərlər.
Siyasi şərhçi Rəşad Bayramov Planetinfo.az-a bildirib ki, Paşinyanın rəhbərlik etdiyi siyasi xəttin parlamentdə üstünlüyü saxlaması indiki mərhələdə siyasi sabitlik görüntüsü yaratsa da, müxalifətin davranışı və ümumi ictimai ovqat gələcək proseslərin necə inkişaf edəcəyini müəyyən edən əsas faktor olacaq.
Ekspert hazırkı mərhələdə müxalifətin sakit görünməsini bir neçə səbəblə əlaqələndirdi:
“Seçki nəticələrinin beynəlxalq müşahidəçilər və Qərb institutları tərəfindən ümumilikdə qəbul edilməsi müxalifətin radikal addımlar atmaq imkanını məhdudlaşdırır. İkincisi, Ermənistan cəmiyyətində son illərdə formalaşan siyasi yorğunluq və sabitlik tələbi kütləvi etirazların genişlənməsi üçün əlverişli sosial baza yaratmır. Habelə, müxalif düşərgədə parçalanma və vahid liderliyin olmaması da kollektiv müqavimət imkanlarını zəiflədir”.
Müsahibimiz düşünür ki, müxalifət əsas mübarizəsini parlament müstəvisinə keçirəcək:
“Ermənistan siyasi sistemində tam sakitliyin hökm sürəcəyini demək də doğru olmaz. Müxalifətin əsas strategiyası çox güman ki, küçə etirazları deyil, parlament müstəvisində sistemli və davamlı siyasi təzyiq olacaq. Bu da özünü hökumətin qəbul etdiyi qərarların legitimliyini sual altına almaq, konstitusiya islahatları və xarici siyasət kursuna qarşı ictimai narazılığı artırmaq formasında göstərə bilər. Yəni “institusional müxalifət” modeli daha real görünür”.
Gürcüstan ssenarisi ilə müqayisəyə gəldikdə, R. Bayramovun fikrincə, burada fərqlərin olduğu aydın şəkildə görünür:
“Gürcüstanda müxalifətin kütləvi mobilizasiya potensialı daha yüksək və siyasi qütbləşmə daha kəskindir. Ermənistan isə daha kiçik və daha həssas təhlükəsizlik mühitinə malik olduğundan genişmiqyaslı qarşıdurmaların baş verməsi üçün sosial və siyasi şərtlər məhduddur”.
Bununla belə həmsöhbətimiz Ermənistanda qarşıdurma ehtimalını artıran amillərin mövcudluğunu da inkar etmədi:
“İqtisadi vəziyyətin pisləşməsi və sosial narazılığın artması, sülh prosesi ilə bağlı gözləntilərin doğrulmaması, müxalifətin öz daxilində radikallaşma meyllərinin güclənməsi qarşıdurmanı kəskinləşdirə bilər. Bu faktorlar üst-üstə düşərsə, Ermənistanda etiraz dalğalarının genişlənməsi mümkündür”.
Ekspert seçkidən sonrakı dövrdə Ermənistanda etiraz aksiyaları olsa da, onun inqilabi dalğaya və ya kütləvi qarşıdurmaya çevrilməyəcəyi qənaətindədir:
“Başqa sözlə geniş “Gürcüstan tipli” ssenari hazırkı mərhələdə az ehtimal olunur”.
//BakuPost.az//

