Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Asəf Hacıyevi “Şöhrət” ordeni ilə təltif edib. 3 gün öncə isə Asəf Hacıyev elm sahəsi üzrə Dövlət mükafatına layiq görülmüşdü.
Asəf Hacı oğlu Hacıyev 29 may 1951-ci ildə Gəncə şəhərində anadan olub.
1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət universitetində namizədlik (riyaziyyat üzrə fəlsəfə doktoru), 1993-cü ildə N.Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə edib. Fizika-riyaziyyat elmləri doktoru, professordur.
2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir.
İngilis, rus və türk dillərində sərbəst danışır. Ümumdünya Elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli Elmlər Akademiyasının üzvüdür.
1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin komsomolu mükafatına layiq görülmüşdür.
1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda çalışır, 1996-cı ildən şöbə müdiridir. Dünyanın tanınmış elmi mərkəzlərinin dəvəti ilə (ABŞ – Berkli, C. Vaşinqton, Cənubi Kaliforniya, Linkoln universitetləri), İsveç (Kral Texnologiya İnstitutu, Stokholm, Çalmers universitetləri), Almaniya (Münhen, Humbolt universitetləri), Portuqaliya (Lisbon, Nova universitetləri), Çin (Çenqdu, Honq-Konq Siti universitetləri) Türkiyə (Boğaziçi, Ortadoğu, Koç universitetləri) orada mühazirələr və elmi araşdırmalar aparmışdır.
2001–2015-ci illərdə Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olmuşdur, 2019-cu ildən BDU-nun Himayəçilər Şurasının üzvüdür.
1996–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezident vəzifəsinə seçilmişdir. 2015 və 2020-ci illərdə iki dəfə ardıcıl QDİƏT PA baş katibi seçilmişdir.
2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən YAP Siyasi Şurasının üzvüdür.
Evlidir, 3 övladı var.

