ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək NATO sammitində iştirakı ilə bağlı qərar son anda verilə bilər.
Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
"Son vaxtlar NATO-nun ünvanına tənqidi və sərt fikirləri ilə diqqət çəkən Trampın sammitdə iştirakı son ana qədər dəqiqləşməyəcək", –nəşr yazıv.
Bununla belə, qəzet Trampın sammitə qatılma ehtimalını yüksək qiymətləndirir.
NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək. Bu, 2004-cü ildə İstanbulda baş tutan görüşdən sonra Türkiyənin ev sahibliyi edəcəyi ikinci belə tədbir olacaq.
Bundan əvvəl "Financial Times" qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, NATO-nun baş katibi Mark Rutte Trampın rəğbətini qazanmaq üçün Avropanın silah şirkətlərinə və qurumlarına təzyiq göstərməyi planlaşdırır. Brüsselə Avropanın "Rheinmetall", "Safran", "Airbus", "Saab", "MBDA" və "Leonardo" kimi ən böyük silah konsernlərinin rəhbərləri dəvət olunub. Bu görüş NATO liderlərinin 2026-cı ilin iyulunda Ankarada planlaşdırılan sammiti ərəfəsində irimiqyaslı sazişlərin imzalanması üçün zəmin yaradır.

