İran ətrafında artan gərginlik fonunda Türkiyə enerji təchizatını təmin etmək üçün Hörmüz boğazından yan keçən alternativ marşrutlar hazırlayıb.
Bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ankara böhran şəraitində enerji tədarükünün fasiləsiz davam etməsi üçün beş alternativ neft və qaz nəqli marşrutu üzərində işləyib.
Ticarət naziri Ömər Bolatın sözlərinə görə, yeni logistika həlləri həm enerji istehsalçıları, həm də istehlakçı ölkələr üçün mühüm alternativ kimi nəzərdə tutulur. Onun sözlərinə görə, bu marşrutlar mümkün böhran vəziyyətlərində təchizatın dayanmamasına xidmət edəcək.
Təklif olunan marşrutlara İraq və Suriya üzərindən quru yolu ilə daşınmalar, Süveyş kanalı və Qırmızı dəniz istiqaməti, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə birləşdirilmiş nəqliyyat xətti, eləcə də Oman limanları vasitəsilə BƏƏ və regionun digər ölkələrinə çatdırılma daxildir.
Alternativ variant kimi Ümid burnu üzərindən keçən marşrut da nəzərdən keçirilir. Lakin bu istiqamət çatdırılma müddətini təxminən 10-15 gün uzadır və nəqliyyat xərclərini artırır.
Bundan əvvəl Türkiyə, Misir və Səudiyyə Ərəbistanının Hörmüz boğazından neft nəqlini idarə etmək məqsədilə birgə konsorsium yaradılması məsələsini müzakirə etdiyi bildirilmişdi.
Qeyd edək ki, bölgədə gərginlik fevralın 28-də İrana qarşı hərbi əməliyyatların başlamasından sonra daha da artıb. Buna cavab olaraq Tehran bəzi ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsinə məhdudiyyət tətbiq edib. Bununla belə, Rusiya, Çin, Hindistan, İraq və Pakistan kimi ölkələrə tranzit üçün icazə verildiyi bildirilib.
