“Amerika Birləşmiş Ştatları Hörmüz boğazının blokadadan çıxarılmasından imtina etdiklərinə görə artıq Şimali Atlantika Alyansı (NATO) ölkələrinin, həmçinin Avstraliya, Yaponiya və Cənubi Koreyanın köməyinə ehtiyac duymur”.
Bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epik Qəzəb" əməliyyatı regionda genişmiqyaslı müharibəyə səbəb olub. Əməliyyatın ilk günlərində İranın ali lideri Əli Xameneinin iqamətgahına endirilən zərbə onun ölümü ilə nəticələnib. ABŞ tərəfi indiyədək İranın 65-dən çox hərbi gəmisini batırdığını və 6 mindən çox obyekti vurduğunu bəyan edib.
Cavab olaraq İran, Hörmüz boğazını blokadaya alacağını, ticarət gəmilərini və bölgədəki neft boru kəmərlərini hədəf alacağını bildirib. Bu gərginlik artıq qlobal gübrə istehsalının pozulmasına və dünya miqyasında ərzaq böhranı riskinə yol açıb. Eyni zamanda, İranın raket və PUA zərbələri İsrailin daxilinə və ABŞ-ın bölgədəki bazalarına doğru davam edir.
Diplomatik cəbhədə isə gərginlik digər ölkələrə də sıçrayıb. Donald Tramp Hörmüz məsələsində dəstək verməyən NATO müttəfiqləri və Asiya tərəfdaşları ilə əməkdaşlıqdan imtina etdiyini açıqlayıb. İsrail isə İran PUA-larına qarşı mübarizədə Ukraynanın təcrübəsindən yararlanmaq üçün rəsmi Kiyevə müraciət edib ki, bu da Tehranın Ukraynanı birbaşa hədəf seçə biləcəyi ilə bağlı hədələrinə səbəb olub.

