"Ukrayna, Rusiya və ABŞ yaxın vaxtlarda danışıqların üçüncü raundunu keçirəcək".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat verib.
Kiyev nümayəndə heyəti ilə artıq danışdığını bildirən Zelenski, hələlik tam razılığın əldə olunmadığını bu sözlərlə ifadə edib:
"Madamki hazırda həyəcan siqnalları səslənir, deməli, münaqişənin dayandırılması barədə hələ razılığa gəlinməyib".
Zelenski qeyd edib ki, işçi qrupları yenidən görüşərək xüsusilə əsir mübadiləsi məsələsini müzakirə edəcəklər. Onun sözlərinə görə, növbəti görüşün yaxın vaxtlarda keçirilməsi barədə tərəflər arasında artıq razılıq əldə olunub.
Prezidentin sözlərinə görə, Əbu-Dabidə keçirilən görüşlərdə bütün aktual mövzular masada olub. Ukrayna nümayəndə heyəti məlumatların çox "həssas" olduğunu bildirdiyi üçün, detallar Zelenskiyə nümayəndələr Kiyevə qayıtdıqdan sonra çatdırılacaq.
Xatırladaq ki, 4-5 fevral tarixlərində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci raundu keçirilib.
