İran prezidenti Məsud Pezeşkian Ayətullah Əli Xameneinin fitvasına uyğun olaraq nüvə silahı istehsal etməyə çalışmadıqlarını və bu siyasətdən kənara çıxılmayacağını bildirib.
Bu barədə İran Rəyasət Heyətindən yazılı açıqlama verilib.
Qeyd olunub ki, Pezeşkian Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossini qəbul edib.
Pezeşkian görüşdə ölkəsinin nüvə proqramının MAQATE ilə əməkdaşlıq çərçivəsində davam etdiyini və şübhələri aradan qaldırmağa hazır olduqlarını deyib:
“Dəfələrlə vurğuladığımız kimi, İran rəhbərin (Xameneinin) aydın fitvasına əsaslanaraq heç vaxt nüvə silahı yaratmağa cəhd göstərməyib və etməyəcək. Heç kəsin bu siyasətdən kənara çıxmasına icazə verilməyəcək”.
İsrailin təhdidlərinə toxunan Pezeşkian vurğulayıb ki, beynəlxalq ictimaiyyət Qəzza və Livanda soyqırım, hərbi cinayətlər törədən İsraili dayandırmalıdır. O, əks təqdirdə müharibənin genişlənəcəyinə işarə edib:
"Müharibənin nə bizim, nə bölgənin, nə də dünyanın xeyrinə olduğuna inanırıq. Ağlı başında olan insan müharibə başlatmağa və onu yaymağa cəhd etməz, amma biz mütləq təhlükəsizliyimizə qarşı istənilən hərəkətə qətiyyətlə reaksiya verəcəyik”.