Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb.
Bəyannamənin imzalanma mərasimində Azərbaycan ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev, UNİSEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.
UNİSEF Azərbaycan hökumətinin bu bəyannaməni imzalamaqla götürdüyü öhdəliyi alqışlayıb.
Qeyd edək ki, bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.
İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq – yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən son dərəcə yüksək risk altında olan 33 ölkədən birində yaşayır.