Sizin reklam burada
Sizin reklam burada

Böyük Qayıdış yolunda böyük addımlar

Böyük Qayıdış yolunda böyük addımlar


Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.

İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Azad olunmuş ərazilərə qısa müddətdə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlara prezident seçkilərində ilk dəfə olaraq doğma yurdda səs vermək xoşbəxtliyi nəsib olub.

Düşmənin darmadağın etdiyi şəhər və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış yolunda böyük addımlar atılır. Azad olunmuş şəhər və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır.

Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir.

Azərbaycan ötən 20 ildə bir çox nəhəng transmilli layihələrə imza atıb. Onlardan bəzilərini xatırlamaq yerinə düşər.

2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.

Prezident İlham Əliyevin gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yarandı. Bununla da dünya enerji xəritəsində yeni mənzərə formalaşdı.

2017-ci ildə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı, yəni “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadıldı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına başlanıldı.

Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika habına, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

Bu və digər layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini inkişaf etdirərək müasir Azərbaycan dövlətini daha da inkişaf etdirdi. Əgər ümummilli lider Azərbaycanı bölünmək, siyasi xəritədən silinib məhv olmaq təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarıbsa, İlham Əliyev Azərbaycanın güclü dövlətə çevrilməsinə nail olub, ərazi bütövlüyümüzün bərpası üçün bütün dövlət imkanlarını səfərbər edib və möhtəşəm uğurlara nail olub.

Son olaraq bildirmək istəyirik ki, dünən yəni 7 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edirik. Əminik ki, Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqımızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.


Səxavət Məmmədov,
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ