Sizin reklam burada
Sizin reklam burada

Çin və İranın Zəngəzurda problemi var: Avropa Tehranı və Moskvanı aldadır?

Çin və İranın Zəngəzurda problemi var: Avropa Tehranı və Moskvanı aldadır?




Yazının başlığına çıxardığımız suallar Avropa və Çindən gələn xəbərlərdən məyus olan İran KİV-lərindən götürülüb

Xəbər verildiyi kimi, yanvarın 29-da Brüsseldə Avropa, Mərkəzi Asiya və onun hüdudlarından kənar hökumətləri, maliyyə institutlarını, biznesləri və vətəndaş cəmiyyətini bir araya gətirən Avropa İttifaqı (Aİ)-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə Qlobal Tranzit İnvestorlar Forumu keçirilib. Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis forumda iştirak edən Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat bağlantısına dəstək və investisiyalar üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb. Avropa Komissiyasının məlumatında deyilir ki, Rusiyanın Ukraynaya təcavüzü Avropa və Asiya arasında Rusiyadan tranzit keçməyən alternativ etibarlı və səmərəli ticarət yollarının tapılmasının vacibliyini gündəmə gətirib.

Artıq Avropa İnvestisiya Bankı (AİB), Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri, habelə Qazaxıstan İnkişaf Bankı ilə ümumi dəyəri 1,47 milyard avro olan anlaşma memorandumları imzalayıb. Bu kreditlər Avropa Komissiyasının təminatları hesabına mümkün olacaq. Daha sonra Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Qazaxıstanla nəqliyyatın ümumi inkişafı üçün artıq hazırlıq mərhələsində olan layihələrlə birlikdə 1,5 milyard avro dəyərində investisiya kəməri ilə bağlı anlaşma memorandumu imzalayıb (Amerikanın səsi).

İnvestorlar Forumu Avropa Komissiyası, Aİ-yə üzv dövlətlər, Mərkəzi Asiya, eləcə də Qafqaz ölkələri və Türkiyədən yüksək səviyyəli nümayəndələri bir araya gətirir. Digər iştirakçılara G7 ölkələri, digər həmfikir ölkələr, maliyyə institutları və özəl sektor daxildir.

İRNA Avropa Komissiyasınıın təşəbbüsünü “Avropanın Mərkəzi Asiya və Qafqaz vasitəsilə Rusiyadan yan keçmək hiyləsi” adlandırır, Avropanın yükdaşımaları Rusiya və İran deyil, Azərbaycan və Mərkəzi Asiya marşrutlarını seçməsindən narahatlıq ifadə edir.

ABŞ-ın Yaxın Şərqlə bağlı ixtisaslaşmış “Al Monitor” nəşri “Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini təbliğ edərkən, Ermənistan toplamı oynayacaq?” adlı yazısında qeyd edir ki, Zəngəzur nəqliyyat dəhlizi bu ilin sonunda Avropa və Çini birləşdirməyə kömək etməlidir, lakin ermənilərin müqaviməti problem olaraq qalır. İran lap əvvəldən Zəngəzur layihəsinə şübhə ilə yanaşır və Ermənistanla sərhədinin bağlanacağından ehtiyat edirdi.

Nəşr İranın ehtiyatlılığının digər səbəblərini belə göstərir:

Azərbaycanın İran üzərindən Naxçıvana qaz nəqli üçün ödədiyi rüsumdan məhrum olur;

Türkiyə İranın təklif etdiyi qiymətlə müqayisədə Azərbaycandan daha ucuz qaz ala bilər, burada itirilən gəlirlər böyük ola bilər.

Digər potensial mənfi cəhət ondan ibarət idi ki, azərbaycanlılar Naxçıvana səfər etmək üçün İran ərazisindən keçməkdən imtina edərlərsə, Tehran regional təsir imkanlarını itirə bilər. Hazırda azərbaycanlıların əksəriyyəti Naxçıvana getmək üçün İrandan keçirlər, çünki Ermənistanla münasibətlər gərgin olaraq qalır.

Vurğulanır ki, geosiyasi əhəmiyyət kəsb edən Zəngəzur nəqliyyat dəhlizi 2024-cü ilin sonuna qədər tamamlanmaq üzrədir, bu dəhliz layihəni inşa edən və həvəslə irəli sürən Türkiyə və Azərbaycan vasitəsilə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirəcək potensial təklif edir. Lakin Azərbaycanla Ermənistan arasında yaranmış fikir ayrılıqları səbəbindən marşrutun bir hissəsində iş ləngiyib. “Tarixən həm Azərbaycanın, həm də Ermənistanın iddia etdiyi və hazırkı layihənin adaşı olan Zəngəzur regionu 1920-ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana verilib. Bu addım Azərbaycan ərazisini ikiyə bölərək Bakını Ermənistanın cənub-qərbində muxtar anklav halına gələn Naxçıvana birbaşa çıxışdan məhrum etdi. Azərbaycanla Naxçıvan arasında əlverişli tranzit marşrutunun yaradılması Ermənistandan Azərbaycana öz ərazisindən eksklüziv çıxış imkanı verməsini tələb edir, lakin İrəvan bu fikrə soyuqqanlı yanaşır. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Ermənistana xəbərdarlıq edib ki, Naxçıvanla Azərbaycan arasında birbaşa çıxışa icazə verməsə, Ermənistanın dənizə çıxışı olmayacaq, Azərbaycan Ermənistanla sərhədi açmayacaq. Ötən ilin sentyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizini Türkiyə üçün “strateji məsələ” elan edib. Ankarada Nazirlər Kabinetinin iclası zamanı o, Türkiyə üçün Azərbaycanla birbaşa dəmir yolu və avtomobil əlaqələrinin olmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, artıq dəhlizin 80%-dən çoxu tamamlanıb”-deyə “Al Monitor” şərh edir.

Nəşrə görə, Zəngəzur dəhlizi Türkiyədən başlayan, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiyadan keçən Orta Dəhlizin (və ya Şərq-Qərb-Orta Transxəzər dəhlizinin) mühüm komponentinə çevrilə bilər. "Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və hər il Azərbaycana 2,8 milyard dollardan çox mal ixrac edir və bu tendensiya genişlənəcək. Azərbaycanın Türkiyəyə ixracı əsasən neft və təbii qazdan ibarətdir. Bundan əlavə, Türkiyə Azərbaycana öz enerjisini Türkiyə bazarından kənarda Qərbə ixrac etmək imkanı təklif edir. “Biz bu potensial artımı Ukraynanın işğalından sonra, Avropa sanksiyalarının Rusiyanın enerji ixracına zərbə vurduğu vaxtda gördük", - Cenevrədə yaşayan region üzrə analitik Türk Fərhadi “Al-Monitor”a bildirib.

Yazı İran KİV-lərində tərcümə edilərək “Mübahisəli dəhlizin strateji əhəmiyyəti; Tehran və Pekinin Zəngəzurda problemi varmı?” və ya “ Çin və İranın Zəngəzurda problemi varmı? Əliyevin aldatma əməliyyatı, İrəvan tərəddüd edir!” başlıqları ilə təqdim edilib. Yada salaq ki, İranla Azərbaycan arasında Zəngəzur anlaşılmazlığı başlayan ilk vaxtlardan son günlərəcən İran rəsmi təbliğatı Zəngəzur dəhlizini “NATO-Turan dəhlizi” adlandırır, dəhliz istifadəyə verilərsə, iqtisadi Turanın qurulmasının sürətlənəcəyi və Çinin Şərqi Türküstan əyalətində separatizm təhlükəsini tətikləyəcəyi haqda “dərin təhlillərlə” çıxış edir, Çinin heç zaman bu dəhlizə razı olmayacağını iddia edirdi. Yəni əslində İran təbliğatının hədəfi Rusiya və xüsusən Çini dəhlizə qarşı kökləmək, Azərbaycanla perspektiv tərəfdaşları arasında şübhə toxumları səpmək idi.

Lakin Bəsrə (Ərəb) körfəzindəki üç ada uğrunda diplomatik mübarizədə Çinin BƏƏ-ni dəstəkləməsi, daha sonra İrana investisiya qoyulmasına rəsmən embarqo elan edilməsi İranın özünü Çinin tərəfdaşı kimi təqdim edərək qonşulara təzyiq təşəbbüslərinin reallıqdan nə qədər uzaq olmasını göstərirdi.

“Al Monitor” hesab edir ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə tam uyğun gələn Zəngəzur dəhlizi yüklərin Çindən Avropaya və əksinə daşınmasında mühüm rol oynaya bilər. Zəngəzur marşrutu logistika və təchizat üçün idealdır, xüsusən də İran sanksiyalar altındadırsa. Keçən il Çinin Ermənistandakı səfiri Fanq Yonq “Armenian News”a demişdi ki, Pekinin mövqeyi dəhliz ətrafındakı problemi dialoq yolu ilə və yaxın gələcəkdə həll etməkdir.

Beləliklə, Azərbaycanı layihələrdən təcrid etmək üçün 2020-ci illərin sonlarından başladılan təşəbbüslərin mənasızlığının istər Cənubda, istərsə də Qərbdə tədricən dərk olunduğunu deyə bilərik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ