Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanı zirvəyə daşıyan dahi: Heydər Əliyev

Azərbaycanı zirvəyə daşıyan dahi: Heydər Əliyev

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.
Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Milli irsimizin mühafizəsi məsələsi, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır".
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Ulu öndər Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurğulayan Ulu Öndər bu bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək demişdir: "Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir".
Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev inamla və sədaqətlə davam etdirir.
Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, Ulu Öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi.
Ulu öndər Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir.
Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün ulu öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idi və bu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlığına real zəmin yarada bilərdi. Məsələn, Azərbaycan xalqının ümummilli lideri bildirirdi: "Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımızın tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir". Başqa bir çıxışında ulu öndər Heydər Əliyev "Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır", - deyirdi. Onun belə bir fikri də vardır: "Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır".

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyev idi.
Həmişə olduğu kimi bu gündə xalqımız unudulmaz ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirlər.


Azərbaycanı zirvəyə daşıyan dahi: Heydər Əliyev
Nərgiz Həsənova,
Ələddin Dadaşov adına Bərdə rayon Xanağalı tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ